Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.
Teleqraf.com xəbər verir ki, uzun fasilədən sonra fəaliyyətini bərpa edən Bakı Metropoliteni bu münasibətlə “Nizami” stansiyasında sərgi təşkil edilib.
Təkcə Azərbaycan memarlığının deyil, dünya təsviri sənəti və metro inşaatı sahəsində də öz unikallığı ilə seçilən stansiyada dünya şöhrətli Mikayıl Abdullayevin kaşı daşlarından işlədiyi Nizaminin portreti və onun ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 18 panno nümayiş etdirilir.
Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, şairin 880 illiyi münasibətilə “Bakı Metropoliteni” QSC-də bu il silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır: “Bütün bunlar il boyunca Nizami Gəncəvi yaradıcılığını oxuculara, metropoliten istifadəçilərinə bir daha yaxından tanıtmaq məqsədi daşıyır. “2021 – Nizami İli” adlanan sərgi Nizami stansiyasının giriş meydançasından artıq diqqəti cəlb edəcək.
Stansiya vestibülünün kass zalında bir tərəfdə Nizami Gəncəi yaradıcılığının ana xəttini təşkil edən “eşq” və “söz” məfhumlarına verdiyi tərif yer alır. Kassa zalının digər tərəfində isə bu gün dünyanın müxtəlif sənət mərkəzlərinin incisinə çevrilmiş 5 miniatür sənət nümunəsi yer alır. Vestibülün eskalator meydançasında dahi şairin sənətinə həsr olunmuş daha 5 miniatür sənət nümunəsi yer alır.
Bu miniatürlər ilk dəfə nümayiş olunmaqla “Bakı Metropoliteni” QSC-yə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmlara İnstitutundan məxsusi olaraq seçilərək təqdim edilib. Eskalatorun aşağı meydançasının hər iki yan divarında da Nizami yaradıcılığının təsirindən yaranmış mövzular yer alır. Bir tərəfdə ölməz şairə həsr olunmuş bədii film haqqında məlumat və çəkiliş meydançasında çəkilmiş fotoşəkillər, digər tərəfdə isə sərgi izləyicilərinə “Nizami” stansityası haqqında məlumat təqdim edir”.
Metropoliten rəsmisi bildirib ki, bundan əlavə 2021-ci ilin “Nizami İli” elan edilməsi metropolitenin bütün stansiyalarının monitorlarında da xüsusi elektron posterlərlə təqdim olunur: “Əminik ki, hər gün yolu “Nizami” stansiyasından düşən metro istifadəçisi bu sərgidə təqdim olunan şeyx Nizami yaradıcılığının hikmətli kəlamları ilə daha yaxından tanış olmaq fürsəti əldə etməklə bu müdrik nəsihətləri həyat amalına çevirəcək”.