3 Noyabr 2014 23:18
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar ayından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi metrologiya sahəsində əsas beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfransda (CGPM - Conférence Générale des Poids et Mesures) assosiativ üzv və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda (OIML – Organisation International de Métrologie Légale) müxbir üzv kimi Azərbaycanı təmsil edəcək.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, bu təşkilatlarda üzvlük beynəlxalq Metrik Konvensiyanın, həmçinin Qarşılıqlı Tanınma Razılaşmalarının imzalanması üçün əsas olacaq ki, bu da öz növbəsində Azərbaycanda həyata keçirilən ölçmələrin nəticələrinin, həmçinin kalibrləmə sertifikatlarının beynəlxalq tanınmasını təmin edəcək.

Metrik Konvensiya 20 may 1875-ci il tarixində Parisdə 17 ölkənin (Almaniya, Belçika, Braziliya, Argentina, Danimarka, İspaniya, ABŞ, Fransa, İtaliya, Peru, Portuqaliya, Rusiya, İsveç, İsveçrə, Norveç, Türkiyə, Venesuela) hökumətlərinin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış beynəlxalq konvensiyadır. Metrologiya sahəsində elmi-texniki tərəqqinin əsasını qoymuş bu sənədlə ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sisteminin tətbiq edilməsinə başlanılıb və onun əsasında Beynəlxalq Vahidlər Sistemi yaradılıb.

Ölkəmizin yeni ildən təmsil olunacağı Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro Metrik Konvensiyanın imzalanması ilə təsis olunmuş dövlətlərarası beynəlxalq təşkilatdır və Çəkilər və Ölçülər üzrə Baş Konfransın daimi fəaliyyət göstərən işçi orqanıdır.

Çəkilər və Ölçülər üzrə Baş Konfransa üzv olan dövlətlər metrologiya elmi, həmçinin etalonların yaradılması və tətbiqi ilə bağlı birgə fəaliyyəti həyata keçirirlər. Bu təşkilatın işinin elmi istiqaməti ölçmələrin metrik sisteminin təkmilləşdirilməsindən ibarətdir.

Çəkilər və Ölçülər üzrə Baş Konfransın 56 tamhüquqlu (Avropa İttifaqının üzv dövlətləri, həmçinin Rusiya, Türkiyə, Qazaxıstan, İran, Çexiya və s.) və 41 assosiativ üzvü (Belarus, Estoniya, Gürcüstan, Litva, Latviya, Ukrayna, Makedoniya və s.) var.

Çəkilər və Ölçülər üzrə Baş Konfransa assosiativ üzv qismində qoşulmaqla respublikamızda milli metrologiya institutu funksiyasını həyata keçirən Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin Qarşılıqlı Tanınma Razılaşmasına qoşulmasına imkan yaranacaq. Həmçinin Azərbaycanın Çəkilər və Ölçülər üzrə Baş Konfransa qoşulması metrologiya sahəsində aşağıdakı nailiyyətlərin əldə edilməsinə imkan verəcək:

- Komitə yanında Dövlət Metrologiya Xidmətində saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsinə;
- Azərbaycan Respublikasının milli etalonlarının beynəlxalq tutuşdurmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınmasına;
- Komitə yanında Dövlət Metrologiya Xidməti tərəfindən verilən kalibrlənmə və ölçmə haqqında sertifikatların beynəlxalq miqyasda tanınmasına;
- Azərbaycan Respublikasının müəssisələrində məhsul istehsalının keyfiyyət göstəricilərinə nəzarət üçün aparılan ölçmələrin nəticələrinin dəqiqliyini və etibarlılığını təmin etməklə, həmin məhsulların keyfiyyətinin regional və beynəlxalq səviyyədə tanınmasına müsbət rəyin yaradılmasına;
- Ümumdünya Ticarət Təşkilatının tələblərinin yerinə yetirilməsinə və ticarətdə texniki maneələrin aradan qaldırılmasına və s.

Yeri gəlmişkən, cari ilin 18-20 noyabr tarixlərində Fransanın Versal şəhərində Çəkilər və Ölçülər üzrə Baş Konfransın hər 4 ildən bir təşkil olunan 25-ci iclası keçiriləcək. Adıçəkilən tədbirdə yeni üzv dövlət kimi Azərbaycanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti təmsil edəcək.

2015-ci ilin yanvar ayından Komitənin müxbir üzv kimi təmsil olunacağı Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat isə ticarətdə texniki maneələrin aradan qaldırılması üçün üzv dövlətlərdə ölçmə vasitələrinə dair hüquqi norma və qaydaların beynəlxalq tələblərə harmonizasiyası məqsədilə 1955-ci il Konvensiyası əsasında yaradılıb. Təşkilatın əsas funksiyaları qanunverici metrologiyanın ümumi prinsiplərini müəyyən etmək, müxtəlif dövlətlərdə mövcud olan ölçmə vasitələri ilə bağlı hüquqi tələblərə dair məlumatları ümumiləşdirmək, qanunverici metrologiya sahəsində mövcud tələbləri beynəlxalq qanunvericiliyə harmonizə etmək, metrologiya üzrə vahid model qanunlar qəbul etmək və s. məsələləri əhatə edir. Müxbir üzvlər Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın texniki işində, təşkilatın əsas qurumu olan Qanunverici Metrologiya üzrə Beynəlxalq Komitənin iclaslarında müşahidəçi kimi iştirak etmək və müvafiq sənədlərlə tanış olub onlara şərh vermək hüququna malikdirlər.

Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın 60 tamhüquqlu (Avropa İttifaqının üzv dövlətləri, həmçinin Rusiya, Türkiyə, Qazaxıstan, İran, Çexiya və s.), 67 müxbir üzvü (Estoniya, Gürcüstan, Litva, Latviya, Moldova, Ukrayna, Özbəkistan və s.) var.

Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzvlük digər dövlətlərin qanunverici metrologiya sahəsində ən yaxşı təcrübəsinin öyrənilməsi, yeni texnologiyalar, ölçmə vasitələrinin uyğunluğunun qiymətləndirilməsinin yeni metodları və s. barədə təcrübə mübadiləsi aparmağa imkan verir. Həmçinin bu təşkilatda təmsilçilik ölkəmizin qanunverici metrologiya sahəsində maraqlarının beynəlxalq müstəviyə çıxarılmasına şərait yaradır. Bu təşkilatın Qarşılıqlı Tanınma Razılaşmasında iştirak etməklə üzvlər digər üzv dövlətdə verilmiş sınaq nəticələrini, tipin təsdiqi sertifikatlarını əlavə sınaqlara ehtiyac olmadan Qarşılıqlı Etimad Bəyanatı vasitəsilə tanıyırlar.


Müəllif: