18 İyun 2021 21:39
1 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

1922-ci ildə Sovet Azərbaycanında latın qrafikalı Türk əlifbasının tətbiqinə başlanılıb. Bu münasibətlə prosesi idarə etmək üçün həmin il Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Türk Əlifbası Komitəsi də təşkil edilib. Komitədə Səməd Ağamalıoğlu, Xudadad bəy Məlikaslanov, Fərhad Ağazadə, Əhməd Pepinov, Abdulla Tağızadə kimi şəxslər təmsil olunublar. Qurumun Şuşada, Qazaxda, Tovuzda, Gəncədə, Şəkidə, Ağdamda, Şəmkirdə, Zaqatalada, Göyçayda, Ağdaşda, Sabirabadda, Salyanda, Şamaxıda, Türküstanda, İrəvanda, Tiflisdə, 1923-cü ildə Qubada, Cəbrayılda yerli təşkilatları yaradılıb.

Komitə Abdulla Tağızadə ilə Mirəziz Seyidovun latın qrafikalı təklifini qəbul edib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 20 oktyabr tarixli qərarı ilə yeni əlifba, ərəb əlifbası ilə bərabərhüquqlu və 1924-cü il 27 iyun tarixli qərarla məcburi və dövlət əlifbası hesab olunub. Əlifba ilə yanaşı Avropadakı rəqəm sistemi də götürülüb. 21 iyul 1928-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq olunmuş qərarla 1 yanvar 1929-cu ildən etibarən Azərbaycanda ərəb əlifbası tamamilə ləğv olunub, latın qrafikalı Türk əlifbası qəbul edilib.

Həmin dövrdə Ermənistan SSR-də yaşayan Azərbaycan türklərinin istifadəsi üçün də latın qrafikalı əlifbanın tətbiqinə başlanılıb, Ermənistan Yeni Türk Əlifba Komitəsi yaradılıb.

Ermənistan Yeni Türk Əlifba Komitəsinin fəaliyyəti dörd dövrə bölünməkdədir: a) Komitənin Ermənistanda qurulması və ibtidai təşkilatlanma; b) Yeni Türk əlifbası tərəfdarlarının birinci Ümumermənistan qurultayı; c) 1926-cı ildə Bakıda çağırılmış Ümumittifaq Türkoloji Qurultayından sonrakı dövr və Komitənin müvəqqəti ləğvi (Aprel-Sentyabr 1927); d) Mərkəzi Yeni Türk Əlifba Komitəsinin Bakıda birinci plenumundan sonra Komitənin təkrar qurulması dövrü.

1922-ci ilin dekabrında Ermənistanda türk müəllimlərinin təşəbbüsü ilə yeni Türk əlifbasını həyata keçirmək üçün mərkəzi büro təşkil olunub. 1924-cü ilin aprel ayında o zamankı adıyla Leninakanda türk müəllimləri və kəndli kütlələrinin nümayəndələrinin qurultayında Ermənistan Yeni Əlifba Mərkəzi Komitəsi formalaşıb. Yerlərdə fəaliyyət göstərməsi üçün Komitənin 9 qəzada şöbələri fəaliyyətə başlayıb.

1922-1925-ci illərdə əlifbanın təbliğindəki zəiflik vəsaitin və yeni əlifbanı təbliğ edəcək kadrların azlığı ilə əsaslandırılıb. 1925-ci ildən etibarən isə Azərbaycan Yeni Əlifba Mərkəzi Komitəsinin dəstəyi ilə inkişaf başlayıb. 1924-1925-ci tədris ilində savadsızlığın aradan qaldırılması ilə bağlı təşkil edilən kurslarda latın əlifbası tətbiq olunub. Maarif komissarlığının və Əlifba komitəsinin qərarı ilə 1925-1926-cı tədris ilində türk məktəblərində yeni əlifba ilə dərslərin keçirilməsinə əmr verilib. Həmin tədris ilində birinci dərəcəli türk məktəblərinin birinci qruplarında (115 qrup vardı) tamamilə yeni əlifbaya keçilib.

Yeni əlifbanı öyrədəcək kadrlar yetişdirmək üçün açılan kurslarda 50 nəfər yetişdirilib. Komitə təbliğat aparmaq üçün “Xalq maarifi” jurnalını çıxarmaqla yanaşı Gürcüstan komitəsi ilə birlikdə “Dan yıldızı” jurnalını da nəşr edib. Həftədə iki dəfə çıxan Kommunist partiyasının orqanı olan “Qızıl şəfəq” qəzeti də latın qrafikası ilə nəşr edilib, tirajı 4 min nüsxə idi.

Ermənistan Yeni Türk Mərkəzi Əlifba Komitəsinin sədrlərindən Bala Əfəndiyev “Yeni əlifba və Şərq xalqları” adlı məqaləsində latın əlifbasının qəbulunda Azərbaycanın önəmindən bəhs edib: “Müxtəlif ölkələrin türkoloqlarının iştirakı ilə birinci dəfə Azərbaycan ölkəsində Ümumtürkoloji qurultay çağırıldıqda yeni əlifbanın fənni, ədəbi və tarixi əsaslar üzərinə qurularaq həyata keçirilməsinin kütləvi ehtiyac olduğunu türkoloqlar və professorlar təsdiq etmişdir".

Komitənin müvəqqəti sədrlərindən Əhməd Əhmədov “Yeni əlifba və gələcək işlərimiz” adlı yazısında Türk əlifbasının qəbulu ilə bağlı bunları bildirib: “Ərəb əlifbası ağır olduğu kimi öyrənmək üçün də çox vaxt tələb edir. Bir neçə il müddətində ancaq müxtəsər savada malik olmaq olur”. Ə.Əhmədov məqaləsində Mirzə Fətəli Axundovun əlifba islahatçısı dostu Mirzə Melkum xandan da sitat gətirib.
Yeni əlifba tərəfdarlarından Ə.Qədimov isə “Ermənistanda yeni Türk əlifbası” adlı məqaləsində yeni əlifbanın qəbulunu türklərə mədəniyyət qapısımın açılması və lisanının dirildilməsi kimi xarakterizə edib.

Komitə üzvlərindən Miryusif Mirbabayev “Yeni əlifba və Şərq” adlı məqaləsində latın əlifbasının tərəqqi və mədəniyyətə doğru ən qüvvətli vasitələrdən biri hesab edib: “Yeni əlifbanın Türkiyədə sürətlə həyata keçirilməsi və başqa Şərq xalqları arasında əlifba cərəyanının yayılması aydınca isbat etdi ki, Şuralar İttifaqında yeni əlifba türk-tatar xalqlarının dinini almaq üçün deyil, yalnız bu xalqın mənfəət və səadəti üçündür. Türkiyədə yeni əlifba bir çox çətinliklərə baxmayaraq hazırda ciddi surətdə həyata keçirilir. Bütün kitabət, sənədlər, poçt nişanları, banknotlar yeni əlifba ilə yazılmaqda, məktəblərdə dərs keçilməsi ilə yanaşı, lokanta, çayxana və bu kimi yerlərdə yemək və içmək arasında xüsusi adamlar tərəfindən əlifba geniş kütlə arasında yayılmaqdadır. İranda yeni əlifba hələ həyata keçməmiş, bu xüsusda mübarizə getməkdədir. Rza şah bizim təcrübəmizə əsaslanaraq məlumat toplamağı əmr etmişdir. Əfqanıstanda böyük çətinliklərə baxmayaraq Əmənulla xan yeni əlifbanı həyata keçirməkdə idi ki, son zamanlar orada baş verən təbəddülat məsələni dayandırmış, yəqin ki, axırda əlifba öz yolunu açacaqdır”. Mirbabayev Yaponiya, Çin, Hindistan kimi ölkələrdə də latın əlifbası məsələsinin müzakirə edildiyini bildirib.

Ermənistan Yeni Türk Mərkəzi Əlifba Komitəsinin Əkbər Rzayev, Ə.Şamilov, Mustafa Hüseynov, Mehdi Kazımov kimi üzvləri də olub.
Latın əlifbasının təbliğində Ermənistan SSR-də yaşayan azərbaycanlılar üçün ən böyük problem kitab çatışmazlığı idi. Bu məqsədlə İrəvandakı Əlifba Komitəsi 1929-cu ildə Azərbaycanla 25 min manatlıq müqavilə imzalayıb.

Latın qrafikalı Türk əlifbası ilə çap olunan “Qızıl şəfəq” qəzetinin əlimizdə olan nüsxəsindən görürük ki, qəzet ölkə daxilindəki məsələlərlə yanaşı Türkiyə, Çin, İspaniyada baş verən hadisələrdən də bəhs edib. 1905-ci il rus inqilabının 25 illiyi münasibətilə iki səhifəlik geniş yazı verib. Yeni əlifba ilə çap olunan “Zəngi qəzetəsi”nin əlimizdə olan nüsxəsində də latın qrafikalı kitabların yoxluğundan bəhs edilib. Qəzetin 7 oktyabr 1928-ci il tarixli sayında “Yeni kitablar lazımdır” başlıqlı kiçik xəbərdə bildirilib: “Qəmərli nahiyəsi Məsimli kənd qiraətxanasında yeni kitablar olmadığı üçün gəlib kitab oxumaq mümkün olmur. Burada 40-45 kitab varsa da, o da əski əlifba ilədir və 1923-1924-cü illərdən qalıb. Kəndin savadlılarının çoxu yeni əlifba ilə savadlı olduqları üçün kitab olmadığına görə öz vaxtlarını divarların dibində, torpağın içində cürbəcür oyunlar ilə keçirirlər”.

Bu xəbərin altında isə yenə eyni mövzuda xəbər təqdim olunub: “Zəngəzur qəzasının Sisyan nahiyəsində və kəndlərində yeni əlifbaya lazımi qədər əhəmiyyət verilməyib yenə əski ərəb əlifbasının quyruğundan bərk-bərk tutub onu keçirməyə çalışırlar... Yeni əlifbanı keçirməyənlər dalda qalmış türk zəhmətkeşlərinin mədəniləşməsinə fikir vermədiklərindən xain hesab olunmalıdırlar”.
Əlimizdə olan məlumatlardan aydın olduğu kimi Azərbaycanda latın qrafikasına keçid sürətli şəkildə olduğu halda Ermənistanda yaşayan azərbaycanlılar arasında zəif şəkildə tətbiq olunub. Azərbaycanda latın əlifbasının ləğvindən sonra Ermənistan SSR-də yaşayan azərbaycanlılar da kiril qrafikasına keçiblər.

Əlifba Komitəsinin rəhbərləri və üzvləri haqqında

Əlifba Komitəsinin sədrlərindən Bala Əfəndiyev 1893-cü ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalında doğulub. 1922-ci ildə “Ermənistan” K(b)P MK nəzdində “Azsaylı xalqlar şöbəsi”-nin müdiri, 1922-ci illərdə “Rəncbər”, 1924-cü illərdə isə “Zəngi” qəzetinin məsul redaktoru olub, 1921-ci ildən 1929-cu ilə qədər İrəvanda işlədiyi dövrdə “Ermənistan” KP MK-nın və MİK-in üzvü, respublika Daxili İşlər Komissarının müavini, MK-nın bölmə müdiri və “Ermənistan” İctimai Təminat Naziri vəzifələrində çalışıb. 1937-ci ildə repressiyaya məruz qalaraq güllələnib.

Mir Yusif Mirbabayev 1889-cu ildə İrəvanda doğulub, orada gimnaziyanı bitirib. 1916-cı ildə isə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini tamamlayıb. O, 1927-ci ildə İrəvan Türk Pedaqoji Texnikumunda dərs deyib. İrəvanda Azərbaycan ədəbi-mədəni mühitində fəal iştirak edən Mir Yusif Mirbabayev 1946-cı illərdə AMEA-nın Dilçilik İnstitutunun direktoru və bir sıra vəzifələrdə işləyib. 1951-ci ildə Bakıda vəfat edib.

Əhməd Əhmədov 1929-cu ildə “Ermənistan” MK-nin nəzdində “Azsaylı xalqlar şöbəsi”nin müdiri vəzifəsində çalışıb.
Mustafa Hüseynov İrəvanda doğulub. 1926-cı ildən 1935-ci ilədək “Zəngi”, “Qızıl şəfəq” qəzetlərinin baş redaktoru olub. 1937-ci ildə repressiyaya məruz qalaraq güllələnib.

Mehdi Kazımov 1890-ci ildə İrəvanda doğulub, oradakı gimnaziyanı bitirib. 1922-ci ildə “Ermənistan” Xalq Maarif Komissarlığı yanında “Azlıqda qalan millətlər bürosu”nun müdiri, 1925-ci ildə İrəvan Yeni Türk Əlifba Komitəsinin sədr əvəzi, 1924-cü ildən 1932-ci illərdə və sonralar isə müxtəlif vaxtlarda İrəvan Türk Pedaqoji Texnikumun direktoru, 1932-1933-cü illərdə “Ermənistan” Proletar Yazıçılar Cəmiyyətinin azərbaycanlı bölməsinin məsul katibi vəzifələrində çalışıb.

Qeyd: Məqalənin hazırlanmasında 1929-cu ildə İrəvanda çap olunmuş “Ermənistan Sosyalist Şura Cümhuriyyətində Yeni Türk Əlifbasının hökumətləşdirilməsi münasibətilə” adlı kitabçadan və “İrəvan:Ensiklopedik foto-toplu” kitablarından istifadə olunub. Qəzet materialları isə Füzuli Sabiroğlunun arxivindəndir.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər