4 Noyabr 2014 12:12
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2015-ci ilin yanvarın 1-dən etibarən metrologiya üzrə nüfuzlu Çəkilər və Ölçülər üzrə Baş Konfrans (CGPM) və Qanunverici Metrologiya üzrə Beynəlxalq təşkilatda (OİML) müxbir üzv kimi təmsil olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuata konfransında, SMPDK-nin Dövlət Metrologiya Xidmətinin rəisi Oqtay Abbasov deyib.

O.Abbasov bildirib ki, bu təşkilatlarda üzvlük beynəlxalq Metrik Konvensiyasının, həmçinin Qarşılıqlı Tanınma Razılaşmalarının imzalanması üçün əsas olacaq:

“Bu da öz növbəsində Azərbaycanda həyata keçirilən ölçmələrin nəticələrinin, həmçinin kalibrləmə sertifikatlarının beynəlxalq tanınmasını təmin edəcək. Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro Metrik Konvensiyanın imzalanması ilə təsis olunmuş dövlətlərarası beynəlxalq təşkilatdır və çəkilər və ölçülər üzrə baş konfransın daimi fəaliyyət göstərən işçi orqanıdır. Bu təşkilata üzv olan dövlətlər metrologiya elmi, həmçinin etalonların yaradılması və tətbiqi ilə bağlı birgə fəaliyyəti həyata keçirirlər. Təşkilatın 56 tamhüquqlu (Avropa İttifaqının üzv dövlətlər, həmçinin Rusiya, Türkiyə, Qazaxıstan, İran, Çexiya və s.) və 41 assosiativ üzvü (Belarus, Estoniya, Gürcüstan, Litva, Latviya, Ukrayna, Makedoniya və s.) var”.

Onun sözlərinə görə, Çəkilər və Ölçülər üzrə Baş Konfransa assosiativ üzv qismində qoşulmaqla SMPDK yanında Dövlət Metrologiya Xidmətinin Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin Qarşılıqlı Tanınma Razılaşmasına qoşulmasına imkan yaranacaq: “Bundan başqa, Dövlət Metrologiya Xidmətində saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsinə imkan verəcək. Həmçinin Azərbaycanın milli etalonlarının beynəlxalq tutuşdurmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınmasına, Dövlət Metrologiya Xidməti tərəfindən verilən kalibrlənmə və ölçmə haqqında sertifikatların beynəlxalq miqyasda tanınmasına dəstək olacaq. Digər tərəfdən, Ümumdünya Ticarət Təşkilatının tələblərinin yerinə yetirilməsinə və ticarətdə texniki maneələrin aradan qaldırılmasına kömək edəcək”.

Qeyd edək ki, noyabrın 18-20-də Fransanın Versal şəhərində Çəkilər və Ölçülər üzrə Baş Konfransın hər 4 ildən bir təşkil olunan 25-ci iclası keçiriləcək. Tədbirdə Azərbaycanı SMPDK-nın nümayəndə heyəti təmsil edəcək.

İlhamə


Müəllif:

Oxşar xəbərlər