"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir, qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi sahəsində mövcud tələblərə əməl etməyən sahibkarkar barəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülür".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev leş əti satılması iddialarına münasibət bildirərkən "Azərbaycan" qəzetinə bildirib.
"Agentlik fəaliyyətə başladığı gündən digər aidiyyəti qurumlar ilə birgə aparılan nəzarət tədbirləri zamanı qidaya yararsız, mənşəyi məlum olmayan, xəstə, ölmüş və ya aqoniya halında kəsilmiş mal və at ətlərinin tədarükü ilə məşğul olan şəxslər yaxalanmış, onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Qida məhsullarının ölkəyə idxalı zamanı da ət və ət məhsullarının təhlükəsizliyinə dair nəzarət tədbirləri həyata keçirilir. Belə ki, yüksək risk qrupuna aid olduğunu nəzərə alaraq, hər məhsul partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına müayinə üçün təqdim edilir. Müayinə nəticəsinə əsasən təhlükəsizlik göstəriciləri ölkədə qüvvədə olan texniki-normativ hüquqi aktların tələblərinə uyğun olmayan məhsullar məhv edilir.
2021-ci ilin 6 ayı ərzində aparılmış nəzarət tədbirləri zamanı istifadəyə yararsız 91,63 ton ət və ət məhsulları agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib", - sədr müavini qeyd edib.