27 İyul 2021 16:01
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakla görüşüb. Görüşdə israilli iş adamı Bar İhielin və onun məsləhətçisi Melamed Lemuel də iştirak ediblər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən il torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində bölgədə yaranan davamlı sülh, iqtisadi inteqrasiya və əməkdaşlıq imkanları, həmçinin məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışı ilə bağlı aparılan hazırlıq işləri barədə qonaqlara ətraflı məlumat verilib.

Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara daim diqqət və qayğı göstərir..

Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir, infrastruktur qurulur. Ərazilərin minalardan təmizlənməsi prioritet təşkil edir. Ermənistanın mina xəritələrini verməməsi insani davranışa zidd olan hadisədir. Dövlət Komitəsinin sədri Lev Spivaka ölkəmizin məruz qaldığı soyqırımı cinayətləri, minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı İsrailin dövlət və hökumət orqanlarına etdiyi müraciətə görə təşəkkür bildirib.

Səmimi görüşə görə minnətdarlıq edən Lev Spivak İsraillə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, müharibənin başa çatmasına baxmayaraq, hələ də insanların ölümünə səbəb olan minaların xəritələrinin verilməməsi mövcud beynəlxalq normaların Ermənistan tərəfindən pozulmasıdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı, məşğulluğu, statusu və digər məsələlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com