4 Avqust 2021 17:31
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür general-mayor Hikmət Həsənovun 1-ci ordu korpusunun komandiri vəzifəsindən azad edilərək, Ali Hərbi Məktəbin rəis müavi vəzifəsinə təyin olunması bəzi media qurumları və sosial şəbəkələrdə başqa istiqamətlərə "yozulur", az qala sensasiya kimi təqdim edilir. Ermənistanı kapitulyasiyaya məcbur edən Müzəffər Ordumuzun qələbəsini həzm edə bilməyən qüvvələr yenə iş başına "keçib".

Ucuz İP dalınca qaçan dırnaqarası mətbuat orqanları anlamır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zəfər çalmış qalib Ordu haqda əsassız məlumatları yaymaqla Ermənistan xüsusi xidmət orqanlarının hərbçilərimizə qarşı "fakenews" əməliyyatları aparmasına şərait yaradırlar.

Vətən müharibəsi zamanı Azərbaycan hərbçilərinin Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçməsi, şəhərə qayalıqlara dırmaşmaqla qalxması ABŞ başda olmaqla bir sıra ölkələri heyrətləndirmişdi.

Əcnəbi ekspertlər etiraf edirdi ki, Müzəffər Azərbaycan Ordusunun peşəkar xüsusi təyinatlı qüvvələrinin apardığı əməliyyatlar, eləcə də Şuşanın azad edilməsi uğrunda döyüşlər hərb dərsliklərinə daxil ediləcək təcrübədir.

Təsadüfi deyil ki, hər bir ölkə öz ərazilərini, milli təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələr formalaşdırır. Dövlətin təhlükəsizliyi, xalqın milli müqəddəratı, təhdidlərdən qorunmaq məhz onun formalaşdırdığı silahlı qüvvələrin güc nisbətində mümkündür. Eyni zamanda ordunun formalaşması və fəaliyyəti təhlükəsizliyin təminatına yönəlsə də onun bir struktur kimi mövcudluğu, inkişafı məxfiçiliyə, gizliliyə əsaslanır. Müasir dövrün kommunikasiya imkanlarını nəzərə alsaq, orduların fəaliyyəti, dislokasiyası, silahlı qüvvələrin hərəkət trayektoriyaları haqqında bilərəkdən və ya informasiya xatirinə xəbər axınları izlənilir. Dövlətlər öz silahlı qüvvələrində reallaşan proseslərin maksimum dərəcədə gizlin qalmasına çalışır.

44 günlük Vətən müharibəsində Zəfərə imza atan ordumuz bu gün daha da təkmilləşir, modernləşir, güclənir, təlimlərə cəlb edilir, yerdəyişmələr həyata keçirilir.

Amma bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad etmədən yayılması və əsassız müzakirələr təəssüf və narahatlıq doğurur.

Müdafiə Nazirliyinin açıqlamasında da vurğulanır ki, silahlı qüvvələrin şəxsi heyətinin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Teleqraf.com-a açıqlamasında deyib ki, Azərbaycan Ordusu 90-cı illərin döyüşlərindən çıxmış, zaman-zaman öz peşəkarlığını artırmış və 2020-ci ildə torpaqlarımızı işğaldan azad etmiş Müzəffər Ordudur: “Bu ordu Azərbaycan xalqının fəxr etdiyi, inandığı və dəstəklədiyi, cəmiyyətin çox dəyərli bir hissəsidir və onun möhkəm olmasında hər birimiz maraqlıyıq. Hər kəs ordumuzun həmişə yüksək səviyyəli hazırlığına öz töhvəsini verib. Bununla belə cəmiyyətdə müəyyən kiçik qruplar ordu haqqında yalan yazmağa və yaxud fəaliyyətinə kölgə salmağa cəhdlər göstərir. Bu, onların hakimiyyət hərisliyindən irəli gəlir və ya xaricdən anti-azərbaycan və erməni mərkəzlərindən tapşırıqlar alırlar. Orduya qarşı kampaniya aparılması, ordunu çirkaba bulaşdırmaq cəhdi yolverilməzdir. Dövlətimizin atdığı hər bir addım, kadr islahatları ordunu daha möhkəm, intizamlı, günün tələblərinə cavab verməsinə hesablanıb. Ali Baş Komandan İlham Əliyevin ordumuzla bağlı həyata keçirdiyi islahatların nəticəsi göz önündədir”.

Komitə üzvünün sözlərinə görə, son dövrlər söz azadlığından, demokratik mühitdən sui-istifadə edilmə hallarına rast gəlinir: “Azərbaycan Ordusu barəsində hərbi sirr sayılan məlumatları sanki bir informasiya kimi manşetlərə çıxarmağa çalışırlar. Sözsüz ki, bunlar yolverilməz hallardır. Amma bu, kütləvi deyil. Bu cür hərəkətlər kiçik qruplara, ayrı-ayrı şəxslərə aid olan bir məsələdir. Qanun da bu məsələdə öz sözünü deyir. Eyni zamanda cəmiyyətin özü də bu məsələdə həssas olmalıdır. Yoxlanılmamış, çirkab xarakterli məlumatların tirajlanmamasına yol verilməlidir”.

Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan Ordusunda dəyərli insanlar xidmət edir: “Azərbaycan Ordusunun veteranları bu gün cəmiyyətdə öz vətəndaşlıq mövqeyi ilə digərlərinə yaxşı nümunədirlər. Şəhidlərimizin ruhu bizim üçün əzizdir və onların ailələrinə dövlətimizin, cəmiyyətimizin diqqəti var”.

Deputat ordu ilə bağlı məlumatların rəsmi mənbələrə istinad olmadan yayılmasının yolverilməz olduğunu söyləyib: “Hər birimiz belə məsələlərdə diqqətli olmalıyıq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Azərbaycanın müstəqillik qazandığı ilk gündən başlayaraq ölkəmizdə ordu quruculuğuna start verildiyini xatırladıb: “O dövrdə Azərbaycan Müdafiə Nazirliyi yaradılmağa başladı. Ancaq heç bir imkanı, bazası, ixtisaslı kadrları belə çatışmayan, maliyyə, maddi-texniki təchizatı olmayan ordunu yaratmaq çox çətin idi. Bu mənada ordumuzun yaranması və formalaşması çox çətin mərhələdən keçdi. Vahid komandanlığın olmaması, ölkədə olan ictimai-siyasi vəziyət elə bir situasiya yaratmışdı ki, ordunun olub-olmaması əhəmiyyət kəsb etmirdi. Amma buna baxmayaraq, o dövrdə də Azərbaycanın cəsur, qəhrəman övladları ordu sıralarında fədakarlıqları, vətənsevərlikləri ilə qəhrəmanlıq nümunələri sərgiləyirdilər”.

Deputat xatırladıb ki, ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra ordu quruculuğu ilə bağlı ciddi addımlar atılmağa başlandı: “Orduda vahid komandanlığın yaranması, maddi-texniki bazanın gücləndirilməsi, kadr siyasəti həyata keçirildi. Məhz bu dövrdən əsası qoyulan güclü ordu anlayışı özünün gücünü, qüdrətini düşmənlə açıq döyüşdə ortaya qoydu. 1994-cü ilin Horadiz əməliyyatı, 2016-cı ilin aprel döyüşləri və sonrakı dövrlərdə erməni təxribatlarına cavab olaraq ordumuz öz gücünü düşmənə göstərib. Tovuz döyüşlərində də düşmən bir daha Azərbaycan ordusunun sərt mövqeyi ilə qarşılaşdı. 44 günlük Vətən müharibəsində isə Azərbaycan Ordusu nəyə qadir olduğunu tam şəkildə döyüş meydanında nümayiş etdirdi, öz sözünü sıldırım qayalarla sırmaşıb Şuşada dedi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünyanın güclü ordularından birinə çevrildiyini isbatladı. Bu gün Silahlı Qüvvələrimiz dünyanın hazırlıqlı, döyüşkən 50 ordu sırasında yer alır. Beynəlxalq təşkilatların hesabatlarında bu prinsiplər öz əksini tapıb. Azərbaycan Ordusu bu gün dünya tarixində özünə qələbə səhifəsi yazmış silahlı qüvvələr sırasındadır”.

Komitə üzvü müharibədən sonrakı dövrdə də Azərbaycan Ordusunun döyüş və hərbi hazırlıq səviyyəsini yüksəlmətkdə davam etdiyini diqqətə çatdırıb: “Ordumuz bu gün ən müasir silahlarla təmin olunub. Silahlı Qüvvələrimizdə təsmil olunan təcrübəli və yüksək ixtisasa malik zabit heyəti var. Sözsüz ki, orduda kadr islahatlarının aparılması labüddür. Müasir dünya ilə ayaqlaşmalı, yeni ordu sisteminə keçid etməliyik. Bu xüsusda həyata keçirilən kadr islahatları və vəzifələrə təyin olunan şəxslər illərin sınağından çıxmış təcrübəli, bacarıqlı, döyüş meydanlarında öz sözünü demiş şəxslərdir. Vəzifələrə təyin olunmuş generallar döyüşdə cəsurluğu, vətənpərvərliyi ilə seçilmiş insanlardır”.

Millət vəkili hesab edir ki, Azərbaycan Ordusu haqqında danışarkən bu ordunun sayəsində xalqımızın, dövlətimizin qalib adını qazandığı unudulmamalıdır: “Müzəffər ordu toxunulmazdır, kiminsə Azərbaycan ordusu haqqında ehtiyatsız davranmağa, yanlış ifadə işlətməyə ixtiyarı yoxdur. Zəfər qazanmış ordumuz barədə qərəzli ifadələr işlətmək heç kəsə baş ucalığı gətirməz. Xalqımız, dövlətimizin, bayrağımızın üzərində olan məğlub ifadəsini məhz Qalib, Müzəffər Ordu sözü ilə əvəzlədi. Bunun fəlsəfəsini dərk edib, orduya münasibət sərgiləmək lazımdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər