6 Avqust 2021 10:33
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pepino mozaik virusunun yayılma yollarını açıqlayıb.

Teleqraf.com AQTA-nın məlumatını təqdim edir:

"Pepino mozaik virusu ilk dəfə 1980-ci ildə Peruda pepino bitkisində qeydə alınıb. 1999-cu ildə Hollandiyada və İngiltərədə pomidor istixanasında rast gəlinən virus 1999-2010-cu illər arasında Avropa, Şimali və Cənubi Amerikanın pomidor becərilən bölgələrində yayılaraq, pomidor istehsalında kifayət qədər məhsul itkisinə səbəb olub. Virusun Mərakeş, Cənubi Afrika, Misir, Çin, İsrail, Suriya, Türkiyə, Avstriya, Belçika, Bolqarıstan, Kipr, Danimarka, Norveç, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Litva, Hollandiya, Polşa, Serbiya, İspaniya, İsveçrə, İsveç, Slovakya, Ukrayna, Kanada, Meksika, ABŞ, Ekvador, Peru, Çili və Böyük Britaniyada yayıldığı məlumdur. Virus Misir, Braziliya və Gürcüstanda A1 siyahısına salınıb. 2012-ci ildən EPPO-da, 2016-cı ildən isə Türkiyədə A2 siyahısına daxil edilib

Pepino mozaik virusu 508 nm uzunluğunda olub çöpşəkilli quruluşdadır. Genomu təxminən 6,4 kb uzunluğunda ssRNT molekulundan ibarətdir. İndiyə qədər virusun 5 ana genotipi müəyyən edilib. Yoluxmuş bitkilərin yarpaqları, kökləri və meyvələri yüksək konsentrasiyada virus daşıya bilər. PepMV olduqca stabil bir virusdur və fərqli şəraitdə uzun müddət yoluxma qabiliyyətini qoruyub saxlaya bilir. Otaq temperaturunda nisbətən stabil qalır, sirayətlənmiş səthlərdə və bitki qalıqlarında həftələrlə virulentliyini saxlayır. Quru bitki materialında 3 ay qala bilir. Köklərdən çıxan virus hissəciklərinin torpağa və ya drenaj suyuna qarışması ehtimalı yüksəkdir. Virus geyimdə ən azı 14 gün yoluxuculuq qabiliyyətini saxlayır.

Pepino mozaik virusu badımcançiçəklilər fəsiləsinə aid olan bitkiləri sirayətləndirir. Daha çox pomidorda rast gəlinməsi və simptomların kəskin nəzərə çarpması ilə əlaqədar hazırda virusun əsas sahib bitkisi pomidor hesab edilir. Lakin badımcan və adi reyhan bitkilərində də virusun əlamətləri müşahidə edilir. Bununla yanaşı, son illərdə, xüsusən, Avropada virusun yayılma arealı genişləndikcə sahib bitkilərin də sayı artır. Bibər, sarımsaq və lobya bitkiləri mexaniki sirayətlənsə də onlar virusun əsas sirayətlənən bitkisi hesab edilmir. Badımcançiçəklilər, Pəncərçiçəklilər, Göyzəbankimilər, Tərəçiçəklilər, Sarmaşıqkimilər, Mürəkkəbçiçəklilər, Əməköməcikimilər, Bağayarpağıkimilər və Taxıllar fəsiləsinə mənsub olan bir sıra alaq otları da pepino mozaik virusunun sahib bitkiləri siyahısındadır.

Təbii şəraitdə bitki şirəsində 1 həftə, şirə 20°C-də saxlanıldıqda 3 ay, infeksiyalı bitkinin kök hissəciklərində 4 həftə, nəm şəkildə 10°C-də saxlanıldıqda 3 ay, silikogeldə qurudulmuş yarpaqlarda 6 ay, yarpaqlar 20°C-də saxlanıldıqda 2 il, şüşə səthdə 15°C-də 3 həftə və 25°C-də isə 4 gün yoluxma qabiliyyətini itirmir. Lakin virus 70°C-də inaktiv hala gəlir və yoluxma qabiliyyətini itirir.

Virusun ölkələr arasında yayılmasında toxum ticarəti mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, pepino mozaik virusu sirayətlənmiş toxumlarla yayılır. Lakin şitil və meyvələrlə də yayılması istisna edilmir. Həmçinin idxal prosesi zamanı sirayətlənmiş qablaşdırma materialları və təmas yolu ilə də yayıla bilir.

Sirayətlənmiş bitkidən sağlam bitkiyə mexaniki və təmas yolu ilə yayıldığından şitil təsərrüfatında əhəmiyyətli itkilərə səbəb olur. Simptomlar hər zaman aydın nəzərə çarpmadığından, virusun tez və gizli şəkildə yayılma təhlükəsi var. Virusun bitkilərin meyvələrində yaratdığı simptomlar səbəbindən məhsul istehlak dəyərini itirir. Ona görə də bu cür məhsullar məhv edilərək həmin təsərrüfatlarda bitki sağlamlığı ilə bağlı zəruri tədbirlər həyata keçirilməli, dezinfeksiya işləri aparılmalı və mütəxəssisin nəzarəti altında mərhələli olaraq sağlamlaşdırma tədbirləri davam etdirilməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər