Azərbaycan hər zaman olimpiya oyunlarında yüksək nəticələr əldə etməyə çalışıb. Əvvəlki olimpiya oyunlarında qızıl medallar qazanmışıq. Bu dəfə isə yalnız gümüş və bürünc medallarla kifayətlənməli olduq. Bəli, nəticənin qənaətbəxş olmaması yaxşı hal deyil. Əlbəttə, cəmiyyətimiz idmançılarımızın daha yaxşı nəticə əldə edəcəyini gözləyirdi.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, pandemiya idman sahəsində uğurlarımıza ciddi problemlər yaratdı: “Pandemiya dövründə bir çox ölkələrdə idmana hazırlıq müəyyən qədər təxirə salındı. Bizim idmançılarımız bu müddət ərzində geniş şəkildə idmanla məşğul ola bilmədilər. Baş verənə görə bütövlükdə idmançılar və idman siyasətini gözdən salmaq lazım deyil. Müşahidə edirəm ki, bir neçə gündür bununla bağlı müxtəlif yanaşmalar irəli sürülür. Amma bu, qəbuledilməzdir. Qızıl medal qazanmasaq da, idmançılarımız gümüş və bürünc medallar əldə ediblər. Bunu xüsusi qeyd etməliyik. Təəssüf ki, bu dəfə qızıl medal qazana bilmədilər. Lakin bütövlükdə bunu Azərbaycan idmanının əleyinə yönəldib tənqid etmək düzgün olmazdı”.
Deputat qeyd edib ki, 2020-ci il Azərbaycan üçün taleyüklü il oldu, dövlətimiz və xalqımız bütün qüvvəsini torpaqların işğaldan azad edilməsinə yönəltdi: “Bu il Azərbaycan xalqı döyüş meydanında qələbə qazandı, qarşımızda duran ən ağır məsələ həll olundu. Əvvəllər ermənilərin üzərində hər hansı qələbəyə, məsələn, idman yarışlarında güləşçimizin qələbəsinə sevinirdik indi isə dövlət, xalq, cəmiyyət kimi qalibiyyətimizə sevinirik.
Azərbaycanda dövlət səviyyəsində idmana böyük diqqət və qayğı var. Bunu həm cənab prezident, həm də Mehriban xanım Əliyeva öz fəaliyyətində açıq-aydın şəkildə göstərib.
Azərbaycanın bir çox rayonlarında ölkə başçısının diqqəti ilə olimpiya kompleksləri tikilib.
Bu mövzuda ümumiləşdirmənin aparılması yanlışdır. Yarışları izlədiyimiz zaman görərik ki, idmançılarımızın hər biri böyük əzmlə bu yarışlara qatıldılar və əllərindən gələni etdilər. Hesab edirəm ki, növbəti olimpiya oyunlarına qatıldığımız zaman daha çox çalışmalıyıq.
Daha çox səy göstərməliyik. İdmançılarımızın qələbəsi hamımızın qələbəsidir. Əgər kimsə düşünürsə, ki, biz daha yüksək nəticələr əldə edə bilərdik, o zaman növbəti illərdə hamımız birlikdə çalışmalıyıq. Biz həm də nəzərə almalıyıq ki, onların rəqibləri də çox güclüydü. İdman həm də şans yarışıdır. Ümid edirəm ki, növbəti illərdə idmançılarımız qızıl medallarla ölkəmizə qayıdacaqlar. Qarşıdakı dövr üçün idmançılarımız, idman federasiyalarımız nəticəyönümlü fəaliyyəti gücləndirməli, daha məqsədyönlü olmalı və buraxılmış imkanlardan nəticə çıxarmalıdırlar”.