11 Avqust 2021 17:13
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yoluxma halları getdikcə artmağa davam edir. Ötən müddəti nəzərdən keçirsək, hər şey insanların özündən asılıdır. Əgər qaydalara riayət edilsə, yoluxma halları aşağı düşər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında infeksionist İlham Bayramov deyib.

O bildirib ki, 80 faiz insan peyvənd olunsa, yoluxma sayı aşağı düşə bilər: "Əks halda yenidən qapanma tədbirləri tətbiq olunacaq. Hazırkı vəziyyətdə ən azından qapalı məkanlarda, kütləvi yerlərdə maska taxılması zəruridir. Ara məsafəsi saxlanılmalı, gigiyena qaydalarına daha ciddi riayət olunmalıdır. Biz bu tədbirlərlə ötən dövrdən tanışıq".

İlham Bayramov əlavə edib ki, vaksinasiyaya qarşı şübhəli yanaşmaq düzgün deyil: "Pandemiyadan yeganə xilas yolu vaksindir. Ölkəmizdə bu proses yüksək səviyyədə aparılır. Bəli, peyvənd xəstəlikdən tamamilə qorumur. Lakin peyvənd olunan şəxslər xəstəliyi digər insanlarda müqayisədə daha yüngül keçirdir.

Əvvəlki illərdə xəstələr kəskin tənəffüs çatışmazlığı, boğulma halları ilə xəstəxanaya daxil olurdular. İndi isə xəstəliyin klinikasında zökəm, üşütmə, bağırsaq pozuntuları, ürək bulanma kimi əlamətlər qeydə alınır. Lakin virus mutasiya keçirdiyi üçün yoluxma riski daha yüksəkdir. Bu səbəblə də vətəndaşlardan daha çox diqqətli olmalarını xahiş edirik.

Nəzərə alaq ki, qarşıdan payız fəsli gəlir, mövsümü xəstəliklər daha aktiv yayılır. Bu isə COVID-lə mübarizəni daha da çətinləşdirə bilər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər