Qədim tarixə malik Maştağa şəhər tipli qəsəbə statusuna malikdir. Tarix ədəbiyyatlarındakı məlumatlara əsasən qəsəbə sakinlərinin soykökündə Böyük Kiri döyüşdə məğlub edən və V-VI əsrlərdə Xəzər sahillərində məskunlaşan qədim köçəri Türk tayfası durur.
Maştağa həmçinin Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunur. Bu kənd sonralar böyüklüyünə görə, qəsəbəyə çevrilib. Qəsəbədə Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Maştağalılar bu dəyərləri nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərmağan kimi bu gün də yaşadır.
Maştağanın qədim abidələri
Maştağa kəndi öz tarixini burada ucaldılmış, tarixin daş yaddaşına çevrilmiş memarlıq abidələri ilə də təsdiqləyir. Təəssüflər olsun ki, kənddə geniş arxeoloji qazıntılar aparılmadığından, tarixi faktların elmə töhfəsi qənaətbəxş deyil. Maştağanın orta əsrlərdən bəri 27 hamamı, 21 ovdanı, müdafiə qalası, 20 məscidinin inşaası, tarixi ərazisinin iri miqyaslı ictimai tikililərlə zəngin olması onu Bakıdan sonra ikinci yerə yüksəlidib. Maştağada bir məhəllədə 5 məscidin, 7 hamamın, 5 ovdanın olması Abşeron yarımadasında istisna hal hesab olunurdu.
Adı özündən öncə yaranan kənd
"Maştağa" sözü, bu kəndin özündən əvvəl yaranıb. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstan-i İrəm" əsərində "Maştağa" toponiminin "massaget" sözündən yaranması fikrini irəli sürüb. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI-V əsrlərdə mövcud olub. Bu toponimin digər mənasını da Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində "Məşədi ağa" kimi verib. Bakı xanı Mirzə Məhəmməd xan vaxtilə burada möhtəşəm bir qala tikdirib. Hətta qalanın yanında məscid də olub. Ötən əsrin 20-ci illərində həmin qala dağıdılıb. Kəndin ətrafında aparılan qazıntılar zamanı mis sikkələr aşkar edilib. Tədqiqatçılar bildirirlər ki, kəndin qədim tarixi var. Təəssüf ki, yadelli işğalçıların basqınına məruz qalan Maştağa dəfələrlə dağıdılıb.
Massagetlərin vətəni
Qədim Maştağa qəsəbəsi Azərbaycan türkünün yaşadığı, formalaşdığı yaşayış məntəqələrindən biri olub. Maştağa sak-massget tayfalarının adının assimiliyasiyaya uğramış formasıdır. Qədim massaget tayfaları məhz Xəzər sahillərində bu ərazilərin sakini olublar. Azərbaycan türklərinin etno-genezində mühüm rol oynayan massagetlər e.ə V-VI əsrlədən bu ərazilərdə yaşamağa başlayıb.
Heradotun massagetlər haqqında məlumatı
E.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodot "Tarix" əsərində massagetlərin təsvirinə böyük yer ayırıb. Həmin tarixi məlumatlarda qeyd olunub ki, massagetlər köçəri həyat tərzi sürür, əsasən maldarlıqla məşğul idilər. Eyni zamanda massagetlər Qədim yunan mənbələrində Xəzər dənizinin şərq sahillərində Amudərya və Sırdərya çayları arasındakı ərazidə yaşamış xalq kimi təsvir edilib.
Hökmdar qadın Tomirisin vətəni – Maştağa qəsəbəsi
E.ə. VI əsrin 40-cı illərində massagetlərin tayfa başçısı vəfat etmiş, onun oğlu kiçik olduğundan, müvəqqəti olaraq tayfa başçısı vəzifəsinə dul qadını Tomris (b.e.ə. 570-520) seçilib. Çünki massagetlərdə qadınların hüquqları kişilərin hüquqları ilə eyni olub. İran Əhəməni dövlətinin banisi II Kir (b.e.ə. 559-530) işğalçı siyasət yürüdərək qısa müddət ərzində Aralıq dənizindən başlamış Xəzər dənizinədək əraziləri zəbt etmişdi. Yüz minlərlə döyüşçüsü olan Əhəməni ordusunda süvarilər, piyadalar, dəvə süvari dəstələri, daşatan qurğular da var idi. Midiya, Lidiya, Babil kimi dövrün möhtəşəm dövlətlərinin mövcudluğuna son qoyan II Kir dünyanın hakimi olmaq fikrinə düşmüşdü. Qərbdəki olan rəqiblərini məğlub etdikdən sonra o, şimala - Araz çayına doğru üz tutur. Onun fikri burada yaşayan massagetləri məğlubiyyətə uğradıb Şimali Azərbaycanı zəbt etmək idi.
Əhəməni hökmdarı II Kir öz elçilərini göndərərək, Tomrislə evlənmək istədiyini bildirir. Ancaq Tomris anlayır ki, Kir onunla evlənmək yox, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir. Elə buna görə də Tomris Xatın həmin təklifi rədd edir. Belə olduqda II Kir hiyləsinin baş tutmadığını görüb, massagetlər üzərinə açıq hücuma keçməyi lazım bilir. Lakin II kirin bütün hiylələrinə baxmayaraq ordusu məğlub olur özü isə döyüş meydanıda öldürülür.
Qədim məhəllələri olan kənd
Maştağa qəsəbəsində 3 böyük və qədim məhəllə mövcuddur. Bu məhəllələrin də hər biri ayrılıqda 2 kiçik məhəlləyə bölünür.
Qəsəbənin ən qədim və böyük məhələlərindən biri Hunhar Məhəlləsidir. Bu məhəllə eyni zamanda Tavaylıq (tavalıq) və Dərə məhəllələrinə bölünür. Məhəllə sakinləri daha çox bağçılıqla məşğuldur.
Keçənlər (keçərilər, köçərilər) məhəlləsi də həmçinin 2 kiçik məhəlləyə bölünür. Dərəqılınc, Kürdi bağlı məhəlləsinin sakinlərinin əsasən məşğuliyyəti əkinçilikdir.
Maştağanın 3-cü böyük məhəlləsi Seyidlərdir. Bu məhəllə də Rəhimkəndi və Ruhəc məhəllələrinə bölünür. Bu məhəllənin sakinlərinin əsas məşğuliyyəti heyvandarlıqdır.
Maştağanın qədim - Hunhar məhəlləsindəki cümə məscidi
Hunhar məhəllə məscidi XVII əsrdə tikilib. Həmin məscid ətrafında karvansara olub. Oradan keçən dəvə karvanları əsasən bu ünvanda dayanarmış. Eyni zamanda orada iki su qoyusu olub. 1926-cı ildə Hunhar məhəllə məscidi bağlanıb. 1937-ci ildən sonra həmin məsciddən anbar kimi kimi istifadə olunub. 1939-cu ildən isə həmin məscid toxuculuq sexi kimi istifadə olunub. Orada əsgərlər üçün üst geyimləri (Büşlat, sırıqlı) tikilərmiş. Bura Buzovnada olan tikiş kombinatının bir yardımcı sexi olub. Müharibədən sonra da məsciddən tikiş sexi kimi istifadə edilib. Burada əsasən qadınlar çalışarmış. II Dünya müharibəsindən sonra bazar onun həndəvərinə köçürülüb. Məscid hasara alınıb. Dört tərəfi bazar olub. 1991-ci ildən orada çalışanlar oradan çıxdıqdan sonra sex kimi istifadə olunan Hunhar məhəllə məscidi yandırılıb. İl yarımdan sonra məscidin Maştağa xeyriyyə cəmiyətinin təşəbbüsü ilə təmirinə başlanılıb. Eyni zamanda qəsəbə ağsaqqalları, qəsəbənin imkanlı şəxsləri məscidin tam təmir olunmasında yaxından kömıklik və iştirak ediblər. Millət vəkili Eldar Quliyev də böyük bir xeyriyyəçilik edərək Hunhar məhəllə məscidinin xalçalarını, çıl-çıraqlarının təminatını həyata keçirib. Həmçinin Maştağanın digər xeyriyyəçi insanları bu xoşməramlı təşəbbüsdə iştirak edib. Hunhar məhəllə məscidinin təmirindən sonra onun məscid kimi fəaliyyəti bərpa olunub. Bu gün bu məscid maştağalıların, dindarların, ibadət ocağı kimi insanların xidmətindədir.
Maştağa Mərkəzi Cümə Məscidi
Maştağa Mərkəzi Cümə Məscidi XI-XII əsrəlrdə tikilmiş bir məsciddir. Bu məscid Azərbaycanda ən qədim msəcidlərdən biridir. Bu məscid tarixən mövcud olmuş Arqutay məscidinin yerində tikilib. Çar və sovet hakimiyyəti illərində bu məscid bir neçə dəfə bağlansa da sonradan fəaliyyətinə icazə verilib. Arqutay məscidi zəlzələdən uçulub-dağıdığı üçün yerində cümə məscidi tikilib. Ümumiyyətlə sovet hakimiyyəti illərində Azərbaycanda yəni, 1926-1929-cu illərdə bütün məscidlər kimi Maştağa mərkəzi Cümə məscidi də bağlanmışdı. Sovet vaxtı yəni, 1929-cu ildə yaradılan “Allahsızlar itifaqı” bütün gizlin aşkar ibadət ocaqlarının bağlanması ilə məşğul olurdu. Maştağa Mərkəzi Cümə Məscidi də 1926-cı ildən 1947-ci ilə qədər bağlı olub. 1947-ci ilddən yəni II dünya müharibəsindən sonra açılan ilk məscidlərdən biri olub. Hazırda məscid dindarların xidmətindədir. Bu məscidin təmirində, yenidən qurulmasında millət vəkili, professor Eldar Quliyevin böyük xidmətləri olub. Məscidin minarəsinin bərpası və günbəzləri, digər təmir işləri yüksək səviyyədə həyata keçirilib. Həmçinin Hacı Nadirin və digərlərinin də bu məscidin bərpasında təmirində xidmətləri çox olub. İkinci məscid təmir edildikdən onun yanında Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü və dəsətyi ilə mərasim evi tikilib. Eyni zamanda Maştağalılar da hər bir mənəvi məslədə olduğu kimi bu məscidin də təmiri və bərpasında könüllü şəkildə böyük xidmətləri olub.
Qeyd: Maştağanın digər məhəllələrindəki məscidlər, qəsəbədəki ziyarətgahlar, qum hamamları, tarixi abidələri, təbiəti ilə bağlı araşdırmalarımız davam edir.