Hazırda ölkədə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi çərçivəsində heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması davam etdirilir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli özəl baytarlığa həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
"2021-ci ilin sonunadək heyvanların identifikasiyası və qeydiyyatı sistemi üçün xarici şirkətlərdən ibarət konsorsiumun proqram təminatının işlənilib sınaqdan keçirilməsi və pilot layihə olaraq Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində, 2022-ci ildən isə bütün ölkə ərazisində tətbiq edilməsi nəzərdə tutulur", - Q. Təhməzli bildirib.
O həmçinin qeyd edib ki, pilot layihənin ölkədə tam tətbiq edilməsi hazır olunandan sonra vaksinasiya və identifikasiya işlərinə özəl baytarların cəlb edilməsi nəzərdə tutulur.