9 Sentyabr 2021 20:00
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Azərbaycan Milli Futbol komandasının heç bir oyundan qalib ayrılmaması, hətta dünyanın ən cırtdan dövlətinin komandasına məğlub olması müzakirələrə səbəb olub. Millimizin məğlub obrazdan çıxa bilməməsi zaman-zaman tənqid olunur. Fikrini öyrəndiyimiz siyasətçilər də komandamızın məğlubiyyətinə artıq adətkar olduqları söyləyiblər.

“Azərbaycan elə də futbol ənənəsi olan bir ölkə deyil”

Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov futbolla elə də arası olmasa da milli komandanın ardıcıl olaraq bütün rəqiblərinə uduzmasından təəsüfləndiyini deyib.

O qeyd edib ki, gənclik dövrlərində futbola böyük marağı olub və vaxtilə Azərbaycan millisinin, "Neftçi"nin oyunlarına həvəslə azerkeşlik edib: “Özüm Braziliya yığmasına azarkeşlik etmişəm. Biz institutda oxuyarkən Braziliyanın oyununa böyük həvəslə baxardıq. Hətta o uduzanda belə bunu faciə kimi qəbul edirdik. Amma deyim ki, Azərbaycan futbolunun da özünün tarixi ənənələri olub. Sözsüz ki, yeni nəsil futbolçular yetişdi. Uğurlar, uğursuzluqlar da var”.

Deputat söyləyib ki, Azərbaycan elə də futbol ənənəsi olan bir ölkə deyil: “Bəzən görürsən Avropanın xırda bir ölkəsidir, amma böyük futbol ənənələri var. Azərbaycanda idmanın bütün sahələri inkişaf edir. Sözsüz ki, stereotiplər də mövcuddur. Onu pozmaq lazımdır. Oyunda mütləq qalib gəlmək anlayışı da yoxdur. Ona görə də, futbolla bağlı fərqli fikirlərin olması, qarşılıqlı müzakirələrin aparılması önəmlidir. Azərbaycanın da yaxşı futbol mütəxəssisləri var. Qurban Qurban kimi Azərbaycan futbolunun yetirməsini xüsusi ilə qeyd etməliyik. İnanıram ki, Azərbaycanda da zaman etibarilə futbol ənənələri formalaşacaq. Amma biz də öz komandamızı uğurda da, uğursuzluqda da dəstəkləməliyik”.

“Milli komandanın uğursuzluğunun səbəbi hələ də bilinmir”

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı futbol yarışlarını izlədiyi, maraqlı oyunlara, o cümlədən Avropa çempionatlarına baxdığı söyləyib: “Bir neçə gün öncə "Qarabağ" klubunun oyununu izlədim çox da xoşuma gəldi. İmkan olduqca digər oyunlara da baxıram”.

Partiya sədri vurğulayıb ki, Azərbaycan milli futbol komandası hələ də yaxşı oyun sərgiləyə bilmir: “Nədənsə, Azərbaycan milli komandasının oyunları alınmır. Sanki onların oyunları tilsimə düşüb. Sözsüz ki, Portuqaliya dünya çapında öz futbol oyununa görə tanınan komandadır. Azərbaycan millisi isə hələ də formalaşa bilmir. Xarici məqşçilər də gəlir, amma nəticə olmur. Hələ ki, yüksək səviyyəli bir kənara qalsın, orta səviyyəli bir komanda belə formalaşdıra bilmirik. Bunun sirri, səbəbi də bilinmir. Bu, sadəcə təəssüf doğurur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər