Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Professorla bu dəfə məktəb həyatından, anası ilə bağlı xoş xatirələrindən, aldığı təlim-tərbiyədən, təhsil almasından, şəxsiyyət kimi formalaşmasından, universitet illərindən, yaradıcılığından, musiqiyə olan sevgisindən, şeirlərindən, onun sözlərinə bəslənən mahnılardan və digər məsələlərdən danışdıq.
- Eldar müəllim, istərdik ki, şəxsi həyatınızdan, şəxsiyyət kimi formalaşmağınızdan, həyatınızın ayrı-ayrı mərhələlərindən bəhs edəsiniz...
- Hər bir insanın həyatında olanlar onun bir şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Biz öncəki söhbətimizdə məktəb, universitet, əsgərlik illlərindəki xatirələrdən bəhs etmişdik. İnsan bu mərhələləri keçərək formalaşır. Xüsusən də oğlan uşaqları hərbi xidmət dövründə tək qalır, düşünməyə, götür-qoy etməyə imkanı olur. Amma mən həmişə həyatımı elə qurmağa çalışmışam ki, kimdənsə asılı olmayım. Doğrudur, çətinliklər olub. Lakin səbrlə, təmkinlə hər bir məsələnin qaydasına düşəcəyinə əmin olmuşam. Sözsüz ki, ata-anaya, ailəyə, vətənə olan sevgi ən başlıca amildir. Öz şəxsi həyatımda, ailəmdə də bu prinsipləri əsas götürmüşəm. Hər zaman çalışmışam ki, milli-mənəvi dəyərlərimizə diqqətlə yanaşılsın.
Əmilərim də Il Dünya müharibəsinə gedib geri dönməyib. Atam da özünün çalışdığı xidmət sektorunda hər zaman böyük diqqət və hörmətə layiq olub. O, müharibədən qayıtmayan qardaşının həyat yoldaşının, bacısının ailələrinə hər zaman diqqət göstərib. Onların hər birinin təhsil alması, həyatda mövqe tutmasında atamın xüsusi qayğısı olub. Bütün bunlar mənim gözümün önündə olan hadisələrdir. Əmimin müharibədən qayıtmayan uşaqlarının qayğılarına necə həssas yanaşdığının şahidi olmuşam. Bu, bir adət kimi də bizim yaddaşımıza hopub. O adətləri də mən bu gün öz ailəmdə yaşadıram. Çünki insan tək özü üçün yaşamamalıdır. Əgər insan özü üçün yaşayacaqsa o həyat demək deyil. İnsan özü ilə bərabər vətəni, dövləti, cəmiyyəti üçün faydalı olmalıdır. Mal-dövlət gəlib-gedəridir. İnsan pula yox, pul insana xidmət etməlidir. Heç kim özü ilə o dünyaya heç nə apara bilməyib. Eyni zamanda ətrafındakı insanlara da qayğı ilə yanaşmalısan. Bu, bizim üçün də bir deviz olub ki, əlimizdəkini hər zaman bölüşməyə çalışmışıq. Çünki insan bu dünyadan köçəndə onun iki əməli, yaxşı və pisliyi yadda qalır.
- Şeirlərinizdə necə bu amillərə yer ayırmısınızmı?
- Bəli, mənim şeirlərimdə də bu məsələlərə xüsusi yer verilib. Şeirlərimi Eldar Allahyaroğlu - atamın adını təxəllüs götürərək yazıram. Çox zaman şeirlərimə mahnılar bəstələndikdə müraciət edənlər belə bilmir ki, müəllif kimdir. Mən də heç bildirmirəm ki, bu şeirlərin müəllifi mənəm. Amma yavaş-yavaş bir-iki yerdə bu məsələyə dair söhbətlər oldu. Dedim ki, mən şair deyiləm, elm sahəsində olan bir adamam. Sadəcə olaraq hərdən boş vaxtlar və yaxud qəmli, sevincli məqamlarda şeir yazıram. Məsələn “Ana” şeirimdə anam rəhmətə gedəndə ona olan sevgimi, məhəbbətimi ifadə etmişəm. Eyni zamanda “Qızılgül” şeirim var ki, burada gülə olan sevgimdən bəhs olunub. Biz uşaq olanda həyətimizdə çoxlu qızılgüllər olardı. O güllər tamam ayrı cür bir qoxuya malik idi. Bu güldən gülab qoxusu gələrdi. Nənəm o gülləri yığıb ondan gülab çəkərdilər. Hətta gülabı çəkəndən sonra onun qalıqlarını evdə saxlayardılar. Bəlkə də, günlərlə-aylarla evdən gülab iyisi gəlirdi. Ona görə də, qızılgülə məndə böyük bir sevgi yaranmışdı.
- Əsgərlik dönəminizi necə xatırlayırsınız?
- Hərbi xidmətim Gəncədə olub, ali təhsilli olduğuma görə bizi Gəncədə saxladılar. Gəncədə olsa da, xidmət etdiyim hərbi hissə məxfi idi. Mən orada yazı-pozu işlərinə baxırdım. Azərbaycan və rus dillərini yaxşı bildiyimə görə mənə belə bir iş tapşırılmışdı. Onu da deyim ki, həmin hərbi hissə nüvə başlıqlı raketlərin saxlanıldığı bir ərazi idi. İldə bir dəfə Qazaxıstanda bu raketlərin sınaq təlimi olurdu. Sovet dönəmi olmasına baxmayaraq biz orada milli ayrı-seçkilik kimi məsələləri hiss etmədik. Çünki həmin hərbi hissə çox gərgin bir rejimdə mühafizə olunurdu. Xidmət etdiyim hərbi hissədə ermənilər, gürcülər də vardı. Həmin hərbi hissə Gəncədə vağzalın arxasında yerləşirdi. Sadəcə olaraq təhsilli olduğumuza görə bizə hörmət olunurdu. Əsgərlik dövründə idman yarışlarında da fəal idim. Çünki mən bir müddət idmanla məşğul olduğum üçün yarışlarda daha aktiv olurdum.
- Hərbi xidmətdən sonra hansı sahədə çalışmağa başladız?
- 1981-ci ildə aspiranturada qiyabi təhsil almağa başladım. Artıq bir il idi ki, ailə qurmuşdum. Bir oğlum, bir qızım var. Onu da deyim ki, biz də bir gənc ailə olaraq müəyyən çətinliklər yaşamışıq. 5 il ailəli olaraq kirayədə yaşamışam. Bizim Maştağada evimiz vardı. Amma şəhərdə işlədiyim üçün burada kirayədə yaşamalı oldum. Oğlum Fərid 1981-ci ildə, qızım Aygün isə 1984-cü ildə anadan olub. O dövrdə Bakıda kooperativ evlərin tikintisi təzə başlamışdı, o evlərdən birini də mən aldım.
- İşdə sizə münasibət necə idi?
- İşdə həmişə aktiv olmuşam. O vaxt Ticarət Nazirliyi sistemində işləyirdim. Onu da əlavə edim ki, o vaxt hər kvartal işdə fəal olduğuma görə Fəxri fərman alırdım. Aldığım fəxri fərmanlardan özüm üçün bir stend yaratmışdım.
1981-ci ilin fevral ayı idi. Bir gün xəbər gəldi ki, səni nazir Svetlana Qasımova çağırır. O günə qədər heç vaxt heç bir nazirlə üzbəüz belə gəlməmişdim. Məni qəbula axşam saat 6 üçün çağırmışdılar. O, saat 8-də gəlib çatdı. Bir qədər söhbət etdi və dedi ki, səni yaxşı işçi kimi təqdim ediblər. Bəs sən özün nə istəyərdin? Dedim ki, siz nə məsləhət bilsəniz, o işlə məşğul olaram. Dedi ki, sən elmə daha çox meyillisən, nazirliyin aparatında iş təklif etdi. Dedim ki, siz mənə elə bir vəzifə tapşırın ki, orada özümü göstərə bilim. Svetlana xanımla bu mövzulardan danışdıqdan sonra dedi ki, get sənə xəbər veriləcək. Bir müddət sonra Bakı Şəhər Sənaye Ticarət İdarəsinin direktorunun müavini vəzifəsinə təyinat aldım. Orada 3-4 il işlədikdən sonra həmin idarədə direktor oldum. Bundan sonra mənə daha bir iş tapşırıldı. “Azərittifaq”ın ölü vəziyyətdə olan bir idarəsi vardı məni ora təyin etdilər. Rayon katiblərinə də tapşırıldı ki, bu idarəni dirçəltməkdə mənə köməklik etsinlər. O vaxt Bakıda gül problemləri vardı. Moskvaya gül göndərə bilmirdilər. Biz gəldik, bu işləri hamısını qaydasına qoyduq.
- Elmi fəaliyyətə necə vaxt ayıra bilirdinizmi?
- Mən SSRİ miqyasında elmi iş yazırdım. Elmi rəhbərim Yakov Arlov idi. O vaxt ixtisasıma uyğun, yəni iqtisadiyyat üzrə elmi şura Tiflis və Moskvada idi. Amma bir müddət sonra məlum hadisələr başladı. Hətta bizimlə işləyən ermənilər vardı ki, onlar da ərizələrini yazıb gedirdilər. O zaman biz görürdük ki, bunlar gizlin nə isə işlərlə məşğul olur. Sonradan məlum oldu ki, onlar burada gizlin “Krunik” adlı bir cəmiyyət yaradıblar. Ona da ianələr toplayırlar.
- Azərbaycan həqiqətləri ilə bağlı xarici ölkələrdə hansı kitabları çap etdirmisiniz?
- Qarabağla bağlı bir kitab vardı, onu çalışdım ki, Fransada çap etdirim, amma ermənilər buna imkan vermədilər.
- Xarici ölkələrdə elmi kitablarınız nəşr olunub?
- Almaniyada ingilis dilində elmi kitabım çap olundu. Amma təqdimatı Romada edildi. Təqdimata dünyanın aparıcı elmi mütəxəssisləri gəlmişdi. Onu da deyim ki, Cenevrədə yerləşən BMT-nin ən böyük kitabxanasında mənim kitablarım var. Bu kitabxanaya da adi bir kitab vermək qeyri-mümkündür. Orada 6 nəfərdən ibarət ekspert şurası var. Onların da hərəsinə bir kitab təqdim olunur. 2 aydan sonra qərar qəbul edirlər ki, kitabı qəbul etmək olar ya olmaz. BMT kitabxanasına qəbul olunan həmin kitabım ərzaq təhlükəsizliyi ilə bağlı idi. Kitabım BMT-yə qəbul olunduqdan sonra məni xoşməramlı səfir seçdilər. Bu yaxınlarda da Bakıda təqdimat oldu. Onu da qeyd edim ki, mənə qədər nə sovet dönəmində, nə də müstəqillik dövründə Azərbaycandan heç kəsin kitabı BMT kitabxanasına təqdim olunub.
- Boş vaxtlarınızda daha çox məşğuliyyətiniz nədən ibarət olur?
- Qabaqlar vaxtım daha çox olurdu. Boş vaxtlarımda adətən şeir yazardım. Beyin yorğunluğu yaşayanda bir şeir yazırdım. Amma son zamanlar işim çox olur deyə boş vaxtım qalmır. Milli Məclisin Hesablama Komissiyasının sədri, eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəriyəm. Ona görə də, işlərin çoxluğundan boş vaxt qalmır. 6-7 üzvümüz var. Sənədlər gəlir, biz göndəririk. Bu təşkilatın 3 komitəsi var, hələ ki pandemiyaya görə bu işlərin çoxu onlayn olur. Amma bundan sonra səfərlərimizin də olması sözsüz ki, vaxtımın daha az qalacağına səbəb olacaq.
- Siz özünüz də yeni elmi işlərə rəhbərlik edirsiniz…
- Bir neçə doktorantın, dissertantın elmi rəhbəriyəm. Onlar da gəlir-gedir, sənədlərinə, elmi işlərinə baxırıq, müzakirə aparırıq. Ona görə də, iş çoxdur.
- Ağsaqqallar Şurasındakı işiniz necədir?
- Ötən ildən Respublika Ağsaqqallar Şurasına sədr seçilmişəm. Heç kim deyə bilməz ki, orada iş asandır. Orada da çətinliklər var. Ağsaqqallar gəlir, müraciətlər olunur. Biri gəlir ev istəyir, biri başqa bir xahiş edir. Digər tərəfdən də pandemiya bizə normal fəaliyyət göstərməyə imkan vermir. Hazırda işimizi onlayn formada davam etdiririk. Amma bunun bəhrəsinin olması mənim üçün başlıca şərtdir.