11 Noyabr 2014 16:45
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə layihəsi olan “Liderlik və idarəetmə” təlimlərinə başlanıb.

Təlimin keçirilməsində məqsəd ilk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

“Liderlik və idarəetmə” təliminin başlanması münasibətilə keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib. Qeyri-neft sektoruna xüsusi önəm verildiyini bildirən nazir müavini bu sahənin inkişafında peşə təhsilinin böyük əhəmiyyəti olduğunu deyib. F.Qurbanov “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda peşə təhsilinə böyük yer ayrıldığını qeyd edib. Nazir müavini bu təlimin peşə təhsilinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

“GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin ölkəmizdəki nümayəndəsi Henninq Tvesten, “Allianz Consult” MMC-nin eksperti Anar Məmmədov təlim barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan kadrlar üçün keçirdiyi “Liderlik və idarəetmə” təliminin iştirakçıları müsabiqə əsasında müəyyənləşdirilib.

İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək. Təlimlər iki qrup olmaqla bir nəfər beynəlxalq və bir nəfər yerli ekspert tərəfindən idarə olunacaq. 3 ay davam edəcək təlimlərdən sonra iştirakçılar Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərənlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hazırda ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.

NİGAR


Müəllif:

Oxşar xəbərlər