7 Noyabr 2021 10:57
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirlik tərəfindən icra olunan bu işlər çərçivəsində artıq 33 min şəxs müxtəlif istiqamətlərdə sosial dəstəklə təmin edilib, onlara 40 mindən çox xidmət göstərilib.

Ötən bir ildə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7 900 nəfərə 15 700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Vətən müharibəsi qazilərindən isə artıq 2 165 nəfər ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlərin təyinatı aparılıb.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən əhəmiyyətli şəkildə artırılıb: şəhid ailəsi üçün 300 manatdan 500 manata, müharibə əlilləri üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata, Milli Qəhrəmanlarımız üçün 1 500 manatdan 1 800 manata çatdırılıb. Eyni zamanda, yeni təqaüd növü təsis edilməklə, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edilib.

Şəhid ailələrinin, müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri geniş vüsət almaqla, bu kateqoriyalardan olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslərin və 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinin, müharibə əlillərinin 5 il ərzində mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub.

Bu il üzrə də 2018-ci ilə nisbətən 5 dəfə çox olmaqla 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır və onlardan artıq 1 850 mənzil bu kateqoriyadan olanlara (o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinə və müharibə əlillərinə) verilib. Ümumən ötən dövrdə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin də mənzillə təminatına başlanılıb.

2021-ci ilin ötən dövründə daha 150 müharibə əlili, ümumilikdə ötən dövrdə 7 350 müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olunub.

Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və ailə üzvləri və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 min ailə üzrə 10 minədək şəxsə sosial-psixoloji dəstək göstərilib. Son illərdə müasir tələblərə uyğun qurulan reabilitasiya müəssisələri qazilərimizin keyfiyyətli xidmətlərlə təminatında xüsusi önəm kəsb edir. Həmin müəssisələrdə son bir ildə 1 650 qaziyə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib.

Dövlət başçısının xüsusi qayğısı nəticəsində, ötən ilin dekabrından qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanıb. Ötən müddətdə 158 hərbçi son nəsil yüksək texnologiyalı protezlərlə təmin edilib. Ümumən postmüharibə dövründə 1-ci və 2-ci Qarabağ müharibəsi əlillərindən ibarət 1 100 şəxsə 10 400 reabilitasiya vasitəsi, o cümlədən əsasən qazilərdən ibarət 900-dən çox şəxsə mühərrikli təkərli oturacaq verilib.

Qeyd olunan kateqoriylara aid şəxslərin məşğulluq məsələlərinin də həlli istiqamətində işlər aparılır. Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət 5 500 şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2400 nəfər işlə təmin olunub.

Bu ilin 10 iyunundan “Məşğulluq marafonu” başladılıb və marafona artıq 573 işəgötürən qoşularaq 3340 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 1 050 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə Vahid Əlaqələndirmə Mərkəzləri yaradılması şəhid ailələrinə, müharibədə yaralanmış qazilərə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilməsinə imkan verib. Bakı şəhəri və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyətə başlayan, 20 qurum (6 mərkəzi, 14 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlərin vahid məkandan təqdim edildiyi Mərkəzlərdə bu günədək 3 min şəxsə xidmətlər göstərilib.

Qeyd olunanlarla yanaşı, postmüharibə dövründə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərin və ailə üzvlərinin birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər