Bu gündən respublikanın ümumtəhsil məktəblərində ibtidai siniflərin payız tətili başlayır.
Teleqraf.com xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” qərarında öz əksini tapıb.
Qərar əsasən tədris ilinin başlanması müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilir.
Beləliklə ibtidai təhsil səviyyəsi (I-IV) üzrə beş günlük ümumi təhsil müəssisələrində 19 noyabr, altı günlük ümumi təhsil müəssisələrində isə 19-20 noyabr tarixləri payız tətilidir.
Qərara əsasən ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilir.
Belə ki, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə beş günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, altı günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.
Xatırladaq ki, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin 20 avqust 2021-ci il tarixli, F-415 nömrəli əmrinin 7 nömrəli əlavəsində məktəblilərin payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunmuşdu.
Qeyd edək ki, noyabrın 22-də məktəblilərin payız tətili bitir.