Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarındakı bir sıra ticarət obyektlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, tədbirlərdə ticarət obyektlərində yanğın təhlükəsizliyinə dair tələblər barədə ətraflı məlumat verilib, yanğın zamanı zəruri davranış qaydaları haqqında söhbət aparılıb.
Tədbirlərdə, həmçinin ticarət obyektlərinin ərazisinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmasının, yanğın zamanı təxliyə planının müvafiq yerlərdən asılmasının vacibliyi diqqətə çatdırılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.