15 Dekabr 2021 22:43
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

Pişəvəri hökuməti devrildikdən sonra da Şimali Azərbaycan mühacirləri Türkiyə mətbuatında bu mövzunu məqalələri ilə gündəmdə saxlayıblar. İctimai-siyasi xadim, Rəsulzadənin ən yaxın silahdaşı Mirzəbala Məhəmmədzadə əməkdaşlıq etdiyi “Cumhuriyet” qəzeti vasitəsilə baş verənləri türk ictimaiyyətinə çatdırıb, öz düşüncələrini bölüşüb. O, 1947-ci il yanvarın 15-də bu qəzetdə çap olunmuş “Azərbaycanda nələr baş verir?” başlıqlı məqaləsinin girişinə bu cümlələrlə başlayıb:

“İkinci Dünya müharibəsinin yaratdığı millətlərarası məsələlərdən biri də Azərbaycan məsələsi oldu. Müharibə müttəfiqlərin əleyhində inkişaf etdiyi əsnalarda ön planda Sovet hakimiyyəti altındakı Şimali Azərbaycan məsələsi gəlirdi. Necə ki Birinci Dünya müharibəsi əsnasında Rusiya Çarlığı almanlar qarşısında məğlub olduğu zamanda da belə idi, Şimali Azərbaycan istiqlaliyyətini elan etmiş, qalib dövlətlərlə də müzakirə aparmağa da müvəffəq olmuşdu. Bu dəfə İkinci Dünya müharibəsi müttəfiqlərin lehində olaraq nəticələndikdən sonra ortaya İran hakimiyyəti altında olan Cənubi Azərbaycan məsələsi çıxdı. Həmin bölgə bütün İran ilə birlikdə ta 1941-ci ildən bəri işğal altında idi. Xatirimizdədir ki, Sovetlər Cənubi Azərbaycanı işğal etməyə başladıqları zaman azərbaycanlılar şiddətli şəkildə müqavimət göstərmiş, hökumət qüvvələri təslim olduqdan sonra da bu müqavimət davam etmişdi. Xüsusilə Ərdəbil, Qaradağ, Xalxal və Urmiya bölgəsində davam edən silahlı xalq müqavimətinin uzaqlaşdırması nəticəsində bir çox azərbaycanlı ailənin yurdlarını tərk etmək məcburiyyətində qalmaları məlumdur”.

“Yurdlarına “qırmızı fikirlərlə” dönmüşdülər”

M.Məhəmmədzadə ardınca bu işğal illərində Cənubi Azərbaycanda baş verən siyasi hərəkatlanmalara diqqət çəkib, qurulan təşəkküldən bəhs edib:

“Cənubi Azərbaycanda Sovet işğalının davam etdiyi illər əsnasında bütün Şimali İranda olduğu kimi burada da “Tudeh” adını daşıyan solçu bir partiya təşəkkül etdi. Bu partiyanın əsas kadrosunu Sovet İttifaqının müxtəlif sənaye mərkəzlərində və mədən ocaqlarında İrandan gələrək illərlə işləmiş və yerləşmiş olanlar təşkil edirdilər... Müharibədən bir müddət əvvəl Sovetlər bu iranlıları öz vətənlərinə “qovdu”. Yüzlərlə, minlərlə böyük qafilələr halında öz vətənlərinə “dönən” bu iranlılar Rza şah Pəhləvi tərəfindən xoş qarşılandı. İş bacaranlar, ixtisas sahibi olanlar yüksək vəzifələrə də təyin olundular. Ana vətənlərində dərəbəyliyin, anarxiyanın, qanunsuzluq və haqsızlığın, səfalətin və fəqirliyin davam etdiyi dövrlərdə istəməyərək yurdlarını təkr edən və bu gün dünyanın dörd bir tərəfində böyük icmalar halında yaşamaqda olan bu zümrələrin Sovetlərdə yetişmiş övladları yurdlarına “qırmızı fikirlərlə” dönmüşdülər”.

Aydın olur ki, Məhəmmədzadə Cənubi Azərbaycanda qurulan partiyalara Sovet Rusiyasının birbaşa dəstəyini ifadə etmək istəyib. Buna misal olaraq Cənubi Azərbaycanda çap olunmuş bir broşürdən bu sitatı gətirib: “İngilislər və Sovetlər İranı işğal etdilər. Azərbaycan Sovet işğalında qaldı. Sovetlər bu dəfə xalqa münasibətdə təcavüzkar olmayaraq mülayim davrandılar və Azərbaycanı fəlakətdən qurtarmaq üçün qurulmuş Demokrat Firqənin azad fəaliyyət göstərməsinə imkan verdilər”.

Yazısından aydın olur ki, Mirzəbala Məhəmmədzadə Demokrat Firqənin Sovet Rusiyasının açıq və gizli dəstəyi ilə fəaliyyət göstərməsi fikrini irəli sürüb, Rza şah idarəçiliyinin də buna zəmin yaratdığını ifadə edib:

“Pəhləvi sülaləsi İranda hakimiyyəti ələ keçirdikdən sonra o zamanadək davam edən fedodal sistemə nəhayət vermiş və məmləkətdə qüvvətli bir mərkəziyyət qurmuşdu. Fəqət bu mərkəziyyət və islahat sosial-iqtisadi problemlərin həllinə etinasızlıq göstərdiyi kimi idarəçilikdə də nöqsanlara malikdi. Çünki Azərbaycan, Türkmənistan, Qaşqay türkləri və Fevzistan kimi əyalətlər sırf fars olmadıqları üçün yarı muxtariyyət idarə üsulundan məhrum edilmişdilər. Bu əyalətlərdə hökumətə qarşı məmnuniyyətsizlik son zamanlara qədər davam etməkdə idi. Bütün şərqdə olduğu kimi, kəndli-torpaq münasibəti İranda da orta əsr nizamından qurtula bilməmişdi. Azərbaycan demokratları, bilinən şərtlər altında və Tehranın hökumət rəhbərinin Moskvaya səyahətinin nəticəsi olaraq, “muxtar” bir Azərbaycan hökuməti quran kimi kəndli zümrəni ələ almaq üçün dövlətə aid bütün əkin torpaqları onların arasında böldü və mülkiyyətlərinə verdi (İkinci mərhələdə əllərindən alıb kollektivləşdirmək üçün)”.

“Azərbaycan türkcəsini ilk dəfə olaraq…”

Yazısının davamında M.Məhəmmədzadə İranın fars olmayan digər xalqların hüquqlarını tapdalaması, onlara gərəkli haqların verilməməsinin muxtariyyət tələbi üçün xüsusi ortam yaratdığını ifadə edib: “Azərbaycan türkünün ana dilindən məhrum edildiyini, məhvə məhkum olduğunu, milli mövcudiyyətini qorumaq üçün milli dövlət qurmaq zərurətində qaldığını, “muxtar” Azərbaycan hökumətinin yaşadığı müddət ərzində, radio və mətbuat vasitəsilə yuxarıda bəhs edilənlərdən daha sərt şəkildə yaydılar. Onlar sözlə yetinməyib, Azərbaycan türkcəsini ilk dəfə olaraq məktəblərdə, mətbuatda, dövlət dairələrində, məhkəmələrdə və orduda istifadə etməyə başladılar. O vaxta qədər yazı dili farsca, danışıq dili türkcə, ibadət dili ərəbcə olan azərbaycanlı tarixdə ilk dəfə olaraq milli kültürünə qovuşdurulurdu”.

Hökumətin işğalından sonrakı vəziyyətə də toxunan M.Məhəmmədzadə məqaləsini bu şəkildə tamamlayıb: “Bu gün Azərbaycan demokratları Sovet İttifaqına mühacirət edib, Tehran ordusu isə Təbrizə girib.

Muxtariyyətçilərin cəsədlərinin dolu olduğu Təbriz küçə və meydanlarında türkcə yayınlanmış məktəb əsərlərinin yandırıldığı kimi şayiələri təbliğat nəticəsi hesab edərək bir kənara buraxaq. Fəqət meydana çıxan iki həqiqət vardır: bunlardan biri Təbrizdə divani-hərbin edam hökmləri çıxarmaqla məşğul olduqları, digəri isə, Təbriz radiosunun (ki, muxtariyyətçilər tərəfindən qurulmuşdur) artıq türkcə danışmamasıdır. Bunları daha hansı xəbərlər təqib edəcəkdir? Türk dili məktəblərdən, məhkəmələrdən və dövlət dairələrindən də yığışdırılacaqmı? Sayının 2000-ə çatdığı deyilən və türkcə tədris verən müəllimlər də divani-hərbin qarşısına çıxarılacaqmı? Tədrisin farslaşdırıldığı, mətbəə və qəzetlərin bağlandığı doğrudurmu? Türkcə milliyyətçi qəzetin nəşrinə icazə veriləcəkmi? Bütün sosial-iqtisadi islahatlara bir bolşevik damğası vuraraq, bolşevik kollektivizatorlarından heç də fərqlənməyən əli qamçılı azğın dərəbəylərin hakimiyyəti yenidən qurulacaqmıdır?

Türk düşməni panarianistlərin hərisliyinə meydan verərək Azərbaycanı azərbaycanlılardan boşaltmaq üçün cənuba doğru toplu halda sürgünlər ediləcəkmidir? Yəni ərəb fəthlərindən sonra tarixə qovuşan İranı bir dövlət halına gətirib, əsrlərlə idarə etmiş bədbəxt Azərbaycan türkü qırmızı fəlakətdən qurtulub bu dəfə hökümət əli ilə bir başqa formada fəlakətə sürüklənəcəkmidir? Bunların tam ziddini eşidib, öyrənmək qədər sevindirici başqa bir xəbər təsəvvür edilə bilməz”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər