12 Dekabr 2021 17:09
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı

1945-ci ilin dekabr ayının 12-də (21 Azər günü) Təbrizdə elan edilmiş Azərbaycan Milli Hökuməti bütöv Azərbaycan tarixinin ən mühüm hadisəsidir. II Dünya müharibəsi dövründə və sonrasında İngiltərə-İran-Rusiya üçbucağında baş verən hadisələr nəticəsində ortaya çıxan bu hərəkat qısa müddətdə Azərbaycan türklərinin milli demokratik hərəkatına çevrilmiş, mühüm addımlar atılmışdı. 1941-ci ildə Rusiya qoşunlarının Cənubi Azərbaycana daxil olmasından 1946-cı ildə çıxmasına qədər olan dövrdə baş verən hadisələr bu gün xeyli mübahisəli məsələlər yaratsa da, Sovet Rusiyasının dəstəyi, ideoloji məsələlər müzakirə edilsə də, 21 Azər hərəkatı Azərbaycan milləti üçün yeni bir başlanğıcdı.

Bu hərəkatın mahiyyəti, bir il ərzində hökumətin həyata keçirdiyi islahatlar, rus qoşunlarının İrandan çıxması, nəticədə hərəkatın qan içində boğulması, Pişəvərinin öldürülməsi, Şimali Azərbaycanda ideoloji işlərin aparılması kimi mövzular ətrafında kifayət qədər yazıldığı üçün biz məsələnin başqa bir tərəfinə toxunacağıq. Belə ki, Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə baş tutan bu hərəkatın qan içində boğulması Azərbaycanın şimalında cümhuriyyət elan etmiş nəslin də hiddətinə səbəb olmuşdu. Xüsusilə bu məsələyə Cənubi Azərbaycan mövzusuna ta gənclik illərindən hakim olan Azərbaycan Cümhuriyyəti Parlamentinin Zəngəzurdan olan üzvü Məhəmmədsadıq Axundzadə (Aran) reaksiya vermişdi.

Rəsulzadənin kədəri

Cümhuriyyətin qurucusu M.Rəsulzadənin 21 Azər hərəkatına və onun liderinə olan münasibəti barədə əlimizdə hələ ki yetərli qaynaq olmasa da, II Dünya müharibəsindən sonra Türkiyəyə mühacirətə getmiş Əlirza Turan adlı soydaşımız bir xatirəsində maraqlı dialoqdan bəhs edib. Ə.Turan həmin dialoqu bu şəkildə xatırlayıb:

“Bir dəfə qəzetlərdən oxudum ki, Stalin Trumenin təkidi ilə qoşunlarını İrandan geri çəkir. Sevinə-sevinə Məhəmmədəmin bəyin yanına qaçıb bu xəbəri ona bildirdim. O, gözlədiyimin əksinə olaraq kədərlə:

Təəssüf, - dedi, çox təəssüf!

Elə bildim ki, Əmin bəy dönüb kommunist olub.

Sizi başa düşə bilmirəm, Əmin bəy, - dedim, - Stalin kimi bir qaniçənin məğlubiyyətinə sevinmirsinizmi?

Əmin bəy ciddiyyətlə:

Yox, sevinmirəm, - dedi, - bu məsələdə sevinmirəm. Azərbaycanın bütövlüyü üçün bu birləşmənin böyük əhəmiyyəti ola bilərdi. Kim bilir, tarix bu fürsəti bir də nə zaman gətirəcək”.

Şübhəsiz ki, ta gənclik illərindən Cənubi Azərbaycanda gedən prosesləri birbaşa təqib edən, oradakı ictimai-siyasi proseslərə qatılan Rəsulzadənin 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələrə biganə qalması mümkünsüzdü. Amma nəzərə alaq ki, o illərdə Rəsulzadə Avropada müxtəlif yerlərdə, düşərgələrdə yaşayırdı, hər hansı bir mətbu orqan çıxara bilmirdi, ona görə də bu gün əlimizdə Pişəvəri dövrünə aid yazıları yoxdur. Amma ola bilsin ki, məktubları, xatirələri nə zamansa üzə çıxacaq.

“Beş saatda 36 nəfər “mühakimə” (!) və edam edilir”

Cümhuriyyət Parlamentinin üzvlərindən Məhəmmədsadıq Aran Türkiyədə 1946-cı ilin yanvarında qələmə aldığı “Azərbaycan faciəsi” adlı məqaləsində 1941-ci ildə İngiltərə, İran və Rusiya arasındakı anlaşmalar nəticəsində rusların Təbrizə daxil olması, orada yeddi yüz vətənpərvər azərbaycanlını qətlə yetirdiyini bildirib: “Azərbaycan türkləri üçün iki qonşu və amansız düşmən vardır: Rusiya və İran-fars dövləti”. Aran buna görə də yazısında Türkiyə qəzetlərinin İran qoşunlarının Təbrizə daxil olmasını sevinclə qarşılamasını sərt şəkildə tənqid edib.

Xatırladaq ki, rus qoşunlarının İrana daxil olması oradakı azərbaycanlı mühacirlərin də faciəsinə səbəb olmuşdu. Əlikamal Qənizadə, Cəlal Məhəmmədzadə kimi mühacirlər həmin dövrdə qətlə yetiriliblər. Əbdülvahab Yurdsevər “Azərbaycan istiqlal savaşından səhnələr” adlı xatirələrində İranda öldürülən, qaçırılan mühacirlərdən bəzilərinin adlarını çəkib: “1941-ci il işğalı əsnasında Kərbəlayi Vəli Mikayılzadə, Kamal Yılmaz, Möhsün Səlimzadə, Aytek Kunduk və digər bir çox tanınmış qafqazlı və azərbaycanlıların gündüz çağı İrandan oğurlanıb aparılmaları və Yusif Əli, İskəndər Şeyxzaman (Keykurun) və təyyarəçi Cəlal kimi bəzilərinin də Q.P.U. casusları tərəfindən küçənin ortasında və ya evlərində vurulub öldürülmələri və bu son aylarda Berlində bir-birini təqib edən insan oğurluqları və bunun kimi sair yüzlərlə hadisə bolşevik teoriyasının tətbiqata çox uymadığını göstərməkdədir”.

Aran 1947-ci ilin aprelində yazdığı “İranda vəhşət davam edir” adlı məqaləsində Amerikanın Sovet qoşunlarını İrandan çıxarması məsələsində haqlı suallar ortaya qoyub: “Amerika Birləşmiş Dövlətləri Sovet Rusiyasının kommunizm pərdəsi altında Orta Şərqə- bilxassə Bəsrə körfəzinə yayılmasının qarşısını almaq məqsədilə Güney Azərbaycandan (Təbriz bölgəsindən) rusların çəkilməsini təmin etmək üçün Tehran-Fars hökumətinə maddi-mənəvi yardım etmişdi. Amerika hökuməti bunu edərkən, şübhəsiz ki, müfrid və şarlatan kommunizmə qarşı çıxmaqla insaniyyətə, bəşəriyyətə və mədəniyyətə xidmət etdiyinə inanmışdır. Aşırı rus ehtirasının qeyri-insani hərəkətinə qarşı çıxarkən demokrat Amerika hələ də orta əsrlər rejimi və üsulu tətbiq edən ən geri və ən ibtidai bir dərəbəylik müəssisəsi olan, xalqını hələ də çiftlik sahiblərinin köləsi kimi yaşadan İranın qara istibdadına yardım etmək məqsədini güdməmişdir, yəqin ki. Himayəsinə götürdüyü demokrat Yunanıstanın da demokratik rejimini zəif hesab edən Amerika, əcəba öz əli ilə silahlandırdığı qara müstəbid fars qüvvətlərinin keyfi surətdə bəhanələr uyduraraq Azərbaycan türklərinin haqlarının çeynənməsinə və məhv edilmələrinə qarşı səsini heç çıxarmayacaqmı? İnsaniyyətcil Amerika Güney Azərbaycanı qırmızı ruslardan qurtararkən oranın günahsız xalqını qətliam etməyi İranın bənnaçılıqdan gəlmə generallarına tövsiyə etməmişdir, yəqin ki”.

Aran məqaləsində Amerikanı tənqiddən sonra İran tərəfindən Təbrizdə saat 7-dən 12-yə qədər 5 saat içində 36 zabit və sivil vətəndaşın mühakimə edilməsinə belə münasibət bildirib: “Beş saatda 36 nəfər “mühakimə” (!) və edam edilir. Bu hadisə İranda “ədalət”in (!) təcəllisinin sürət rekordudur. Müttəfiqlərin hərbi məhkəməsi Almaniyanın Nürnberq şəhərində 10 alman müharibə suçlusunu ancaq 8 ay ərzində mühakimə edə bilmişdi. Sürət əsrindəyik... Anqlo-sakson hakimləri İrandakı bu (Ala persan) “ədalət” sürətindən bir az dərs götürsünlər...!”

İrandakı zindanları Hitlerin ölüm düşərgələrinə bənzədən Aran Azərbaycan türklərinin faciəsi haqqında yazırdı: “Gənclər qafilə-qafilə zindanlara doldurulur, kim özünə “türk” demişsə və deyirsə onun yeri ya torpağın altı, və ya ömürlük kürək cəzasıdır... Türklərin istədiyi İran çərçivəsi daxilində sadəcə milli mədəni haqdan ibarətdi. İrandan ayrılmaq hədəfini ağıllarına da gətirməmişdilər. Bu sadə və təbii istəyin cəzası qətliam ola bilməzdi”.

M.Aranın hadisələrə bu şəkildə sərt münasibət bildirməsinin iki səbəbi vardı. Əvvəla o, hərəkatdan öncəki zamanlaradək Türkiyənin “Ulus” və “Cumhuriyet” qəzetlərinin İran üzrə müxbiri olmuşdu. Oranı çox yaxşı tanıyırdı, Türkiyə-İran dostluq münasibətləri xeyrinə də yazılar qələmə almışdı. Digər tərəfdən Türkiyə mətbuatının da orada baş verən hadisələri dərk etməyib, öz ölkələrinin maraqları çərçivəsində qələmə verməsi də onu hiddətləndirmişdi. Üstəlik onun 1942-ci ildə İstanbulda çap olunan “İran türkləri” əsəri də hökumət tərəfindən qadağan edilmiş nəşrlər siyahısına salınmışdı...

Ardı var...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər