20 Dekabr 2021 16:50
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Struktur islahatları nəticə etibarilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət etməlidir. Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 24 İyul 2014 sərəncam imzalamışdı və 2015-ci il yanvarın 1-dən təhsil şöbələri ləğv edilirdi. Amma proses gecikirdi.

Bunu Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, rayon təhsil şöbələrinin ləğv edilməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, eləcə də, təhsil sistemində hüquq və qanuni mənafelərinin təmin edilməsi kimi məqsədlərə xidmət edəcək:

“Bu struktur islahatının çox böyük əhəmiyyəti olduğunu düşünürəm. Təhsil şöbələri ləğv edilməsi və regional təhsil idarələri yaradılması təhsildə inqilabi müsbət struktur islahatıdır. Yəni əvvəllər hər rayonda bir təhsil şöbəsi vardırsa, indi 4-5 rayon birləşir və təhsil idarəsi yaranır. Bunun da çox böyük əhəmiyyəti var – təhsilə müstəqillik verilir. Digər tərəfdən də, müəllimlərin əmək haqları artırılır, idarəetmədə struktur dəyişikliyi gedir. Müəyyən ixtisarlar olur ki, bu da maliyyə baxımından faydalıdır”.

Ekspertin fikrincə, rayon təhsil şöbələrinin ləğv olunması təhsil sisteminə olan bütün müdaxilələri aradan qaldırılacaq: “Təhsil idarələri mobil bir təşkilat olaraq formalaşacaq, oraya təhsil sahəsində işləməyən vəzifəli şəxslərin müdaxiləsi sıradan çıxacaq. Məsələn, hansısa icra başçısı təhsil şöbəsini öz xidmətçisi hesab edir və hasar çəkilməsi və digər xərc çəkilən işləri ona tapşırır. O da naçar qalır. Nə etsin? Valideynlərdən və kimlərdənsə bunun üçün məbləğ toplanır və bu iş görülür. Daha belə olmayacaq. İndi təhsil idarələri birbaşa Təhsil Nazirliyindən təlimatı, göstərişləri alıb yerinə yetirəcək. Digər müdaxilələr də sıradan çıxacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər