18 Noyabr 2014 12:37
11 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Varlı satıcısı və zəngin alıcısı olmayan bazar

Hər birimiz hansısa malları alan zaman seçim imkanının geniş olduğu müxtəlif bazarlara üz tuturuq. Bu zaman əsas diqqət yetirdiyimiz məqam aldığımız malın keyfiyyəti ilə yanaşı, qiymətinin də ucuz olmasıdır.

Qiymətlərin ucuzluğu ilə seçilən bazarlardan biri də Sabunçu ərazisində yerləşən və “bit bazarı” adı ilə tanınan ticarət məkanıdır. Əksəriyyətin tanımadığı bu bazar, eyni zamanda, “rus bazarı”, “cındır bazarı” adları ilə də tanınır. Öncədən eşitmişdik ki, bu bazarda qiymətlərin həddindən artıq ucuz olmasının səbəbi köhnə məhsulların satılmasıdır. Həmçinin başqa bazarlarda olmayan malları belə, burada tapmağın mümkünlüyünü də eşitmişdik. Eşitdiklərimizin və deyilənlərin həqiqət olub-olmamasını görmək üçün həmin məkana yollandıq.

Axtardığınız hər şey burada

Nəhayət, çatdıq haqqında danışılan bu bazara. İlk olaraq deyək ki, sözügedən bazar birinci dəfə bura gələn hər kəsi təəccübləndirir. Həqiqətən də, XXI əsrdə paytaxtda belə bir məkanın olmasını və bütün bu deyilənləri gördükdə heyrət etməmək mümkün deyil.

Bazardakı satıcı və alıcıların üzlərindəki kədərli ifadəni görmək üçün xüsusi qabiliyyət tələb edilmir. Ətrafda satılan heyvanların üfunət iyi, səpələnmiş cır-cındır paltarlar, üst-üstə atılmış ev əşyaları və digər məhsullar sanki satıcı və alıcıların üz ifadələrinin göstəricisi idi.

Həftənin şənbə və bazar günləri saat 09:00-16:00 arasında fəaliyyət göstərən “bit bazarı”nda qəribə mənzərələr bitmək bilmir. Buradakı satıcıların əksəriyyəti yaşlı insanlardır. Burada digər bazarlardakı kimi yeni mallar satılmır. Sözügedən məkanda hər şey tapmaq mümkündür: köhnə əşyalar, cır-cındır paltar, rayondan gətirilmiş quşlar, qış mövsümü olduğu üçün paltolar, telefon batareyaları, video kasetlər, geyinilmiş ayaqqabılar, köhnə kosmetik vasitələr, mis və alüminium qablar, samovarlar, güzgülər, güldan və vazalar, vaxtı belə dəqiq göstərməyən saatlar, sınıq oyuncaqlar, köhnə təqvimlər, kitablar, köhnə mebellər və s. Hətta burada köhnəlmiş yataq dəstləri də satılır. Bir sözlə, ağlınıza gələcək hər şeyin köhnəsini bu bazarda tapa bilərsiniz.

Beş manata 680 batareya

Bazarın içərilərinə addımladıqca çöldə qarşılaşdığımız mənzərə burada da təkrarlanırdı.
Telefon batareyaları satan Ənvər və Xalid dayı deyir ki, 15 ildən çoxdur ki, burada alver edirik: “Bu bazara ona görə rus bazarı deyilir ki, bura sovet vaxtından fəaliyyət göstərir. Əvvəllər burdakı alverçilərin böyük əksəriyyəti ruslar idi. Ruslar adətən, burada köhnə paltarlarını satırdılar. Onlar sonradan köhnə əşyalar da satmağa başladılar. İndi vəziyyət dəyişib. Hazırda satıcıların çoxu rayonlardan gəlir. Məsələn, mən beş manata 680 telefon batareyası almışam və birini iki manata satıram. Şükürlər olsun ki, alver də pis olmur”.

“Bəs, beş manata 680 telefon batareyasını necə almısız?” sualıma isə gülərək “kommersiya sirridir” dedilər.

20 qəpiyə avtomobil ehtiyyat hissələri

65 yaşlı Sitarə xanım bizimlə söhbət edərkən bildirdi ki, tanışlardan aldığı paltarları bu bazarda satır: “Əvvələr ”28 may" metrosu tərəfdə yaşayırdım. Elə oraya yaxın olan yaşıl bazarda meyvə satırdım. Amma oğlum xəstə olduğu üçün evi satdıq və Sabunçuda ucuz qiymətə kirayə ev tutduq. Rusların belə bazarı olduğunu çoxdan bilirdim. Öz qohum-əqrabamdan, tanışlardan üç ədəd paltarı 70 qəpiyə və yaxud bir manata alıram, təmizlərini yox, amma çirkli olanlarını yuyub, birini üç manatdan satıram.

Müştərilərim də az olmur. Hər həftənin şənbə-bazar günləri burdayam. Əsas odur ki, kirayə pulunu çıxara bilirəm".

Satıcı oğlandan müştərilərə təklif etdiyi köhnə soyuducu, televizor, kondisioner və avtomobil detallarının qiymətini soruşuram. Cavabı belə olur: “Televizoru ucuz alıb, düzəldərək 20-30 manata satıram.

Avtomobil detallarının qiymətləri isə 20 qəpiklə beş manat arasında dəyişir. Aylıq qazancım 500 manata yaxın olur”.

Kasıb satıcının imkanlı bacısı

Bazar vaxtının bitməsinə az qalıb deyə yerə səpələnmiş cır-cındır paltarları yığan Nigar xala deyir ki, beş ildən çoxdur burda alver edir: “Kasıb adamam və burada alver edənlər də elə mənim kimi kasıblardır. Beş il ərzində mən burada nə səliqəli geyinmiş alıcı, nə də satıcı görmüşəm. Elə Sabunçunun ətrafından və qəsəbələrdən geyinilmiş paltarların kilosunu iki-üç manata alıb, gətirib burada müştərilərə beş-altı manatdan satıram. Paltarlarını zibilliyə atmayıb mənə pulsuz verənlər də az deyillər. Mənim bacım imkanlıdır. Onun evində köhnəlmiş paltarlar və əşyalar olan kimi mənə xəbər edir və gedib onları gətirib burada satıram”.

Həmsöhbətimiz deyir ki, bu bazarda ən kasıblar ruslardır: “Hamımız çalışırıq qazandığımızı evə aparaq. Amma, rus alverçiləri bazarda alverdən qazandıqlarının hamsını arağa verirlər”.

Öz evim deyil deyə...

“20 manata ləyən alan alıcıdan niyə buradan bazarlıq edirsiz?”, - deyə soruşduqda belə cavab verdi: “Bu ləyənlər əvvəlki istehsaldır. Basqa yerdə belə ləyən tapa bilmərəm deyə burdan alıram. Amma burada satılan paltarları heç vaxt almaram. Bəzən satıcılar deyir ki, yuyub təmizləyib satırıq, amma mən həmin paltarlardan alıb geyinmərəm”.

Pərdə alan şəxsə yaxınlaşdıq. Adının Vüsalə olduğunu bildirən alıcı burada yaxşı pərdələr olur deyə qeyd etdi: “Kirayə yaşadığım üçün buradan pərdə alıram. Öz evim deyil və nə qədər burada qalacağımı da bilmirəm. Buna görə də burda satılan pərdələrə üstünlük verirəm. Pərdəni bir manat 50 qəpiyə almışam. Aparıb yuyub işlədəcəm”.

“Bit bazarı”nın canlı heyvanları

Bazarın çıxışında isə toyuq, qaz, ördək, hinduşka, tutuquşu, dovşanlar və göyərçinlər satılır. Quşların qiymətləri müxtəlifdir. 8 manata toyuq, 9 manata ördək, qəfəsdə saxlanan tutuquşu və bülbül isə 20-30 manata təklif edilir. Göyərçinlərin ən ucuzu 8, ən bahası isə 65 manatdır.

İsmayıllı rayonundan öz həyətindəki toyuqlarını gətirib burda satan Asəf deyir ki, bu bazar onun qazanc yeridir: “Qəfəsdə olan toyuqların hamısını 8 manata satıram. Mən hər hansı yerdən toyuq-cücə alıb satmıram. İsamyıllıda öz həyətim var. Əvvəldən cücələri alıb, yemləyib böyüdürəm və daha sonra gətirib burda bir toyuğu 8 manata satıram”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər