Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirib.
Teleqraf.com-un məlumatına görə, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri və icraçı direktoru, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralarda təmsil olunan QHT sədrləri, habelə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən təşkilatların təmsilçiləri iştirak ediblər.
Dəyirmi masanı giriş sözü ilə açan Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin həyata keçirilməsində QHT-lərin əhəmiyyətli rolunu qeyd edib, onların dövlət qurumları ilə tərəfdaşlıq əsasında həyata keçirdiyi tədbirlərin vacibliyini vurğulayıb.
V. Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verərkən ictimai nəzarətin gücləndirilməsi və onun istitusional formatının işlənib hazırlanması ilə bağlı fikirlərinin vətəndaş cəmiyyəti təsisatları, o cümlədən QHT-lər və media qarşısında yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.
Daha sonra Agentliyin Müşahidə Şurasının üzvlərinin və QHT təmsilçilərinin mövzu ətrafında çıxışları dinlənilib. Onlar korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin hər zaman fəallıq nümayiş etdirdiyini bildiriblər, bundan sonra bu cür fəaliyyətlərin daha geniş vüsət alması üçün bir sıra təkliflər səsləndiriblər.
Tədbirin sonunda QHT təmsilçilərinin iştirakı ilə müzakirələr keçirilib, onların fikirləri və təklifləri öyrənilib.