18 Yanvar 2022 13:46
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Nərimanov rayonu ərazisində piyada səkisi tam olaraq zəbt edilərək ərazidə restoran tikilib.

Teleqraf.com Publika.az -a istinadən xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti binasının arxasında yerləşən Əliağa Vahid küçəsi 12 ünvanında piyada səkisi zəbt edilərək restoran tikilib. Belə ki, Əliağa Vahid küçəsi ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişməsində restoranın səki və piyada zolağını tam zəbt etməsi sakinlərin və buradan piyada hərəkət edən çoxsaylı şəxslərin etirazlarına səbəb olub.

Sakinlər bildiriblər ki, səkinin zəbt edilməsi səbəbindən buradan keçərkən hər dəfə yolun avtomobillər üçün nəzərdə tutulmuş hərəkət hissəsinə çıxmalı olurlar. Həmçinin ərazidən uşaq və əlil arabalarının, eləcə də velosipedlərin hərəkəti mümkünsüz olub. Əliağa Vahid küçəsində yeni tikilən binada ev aldığını bildirən Qadir İsmayılov adlı sakin bildirib ki, qanunvericiliyə görə səkidə tikintiyə icazə verilmir və bu tikili qeyri-qanuni olaraq həmin ərazidə inşa edilib: “Mən bir neçə dəfə səkinin zəbt edilməsi ilə bağlı aidiyəti qurumlara müraciət etdim, onlar sənədi olmayan və qeyri-qanuni tikilmiş tikilinin mütləq söküləcəyini bildirdilər. Amma bir neçə ay keçib və heç bir söküntü aparılmayıb. Bildiyimə görə səkidə tikilən restoranın altında zirzəmisi də var və yolun avtomobillər keçən hissəsinə lağım atıb oranı da qazıblar. Buraya ağırtonnajlı yük maşını daxil olsa yol çökə də bilər. Rəsmi qurumlardan xahiş edirik bu özbaşınalığa son qoysunlar”.

Ərazidə araşdırma aparan əməkdaşımız Nərimanov rayon İcra Hakimiyyəti binasından cəmi 50-60 metr məsafədə yerləşən və səkini zəbt edən restoranın kimə məxsus olması ilə maraqlanıb. Orada işləyənlər bu restoranın Bakıda çoxsaylı obyektləri olan Muğan adlı şəxsə məxsus olduğunu bildiriblər. İnternetdə apardığımız araşdırma zamanı Muğan Kərimovun həqiqətən də Bakıda daşınmaz əmlak işi ilə məşğul olduğu və adının bir sıra qalmaqallarda çəkildiyi məlum olub. Belə ki, 2013-cu ildə Xətai rayonunda yaşayan bir qrup sakin mənzillərinin M.Kərimov tərəfindən əllərindən alınmasını bildirirək mətbuat konfransı keçirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi də münasibətini bildirib. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a bildirib ki, bu tip məsələlər təmsil etdiyi qurumu da ciddi şəkildə narahat edir: “Tərəfimizdən qeyd etdiyiniz ünvan da daxil olmaqla piyada səkilərinin zəbt edilməsi, həmçinin digər formada piyadaların hərəkətini məhdudlaşdıran hallarla bağlı monitorinqlər aparılıb. Hər bir faktla bağlı foto və video fayllar da əlavə edilməklə müvafiq icra hakimiyyətlərinə məktublar ünvanlamışıq və bunların aradan qaldırılmasını xahiş etmişik”.

Nərimanov rayon İcra Hakimiyyəti ilə bağlı məsələ ilə bağlı dəfələrlə əlaqə saxlasaq da, bu mövzu ilə bağlı konkret fikir bildirilmədi.

Qeyd edək ki, səkinin üzərində tikilmiş obyektin altında sakinlərin bildirdiyinə görə zirzəmi var və bu həmin ərazidən hərəkət edən ağırtonnajlı yük avtomobilləri üçün risk yaradır. Belə ki, yolun altında qazıntı aparılaraq zirzəmiyə çevrilməsi buradan ağır yük maşınlarının keçməsi zamanı yolun çökməsi hadisəsinə səbəb ola bilər. Odur ki, ağırtonnajlı yük avtomobillərinin həmin ərazidən keçməsi tövsiyə edilmir.

Hüquq-mühafizə orqanlarının, eləcə də digər aidiyəti strukturların hər gün yüzlərlə insanın rahatlığını pozan bu məsələni araşdıraraq müvafiq tədbirlər görəcəyinə ümid edirik.

Mövzunu diqqətdə saxlayacağıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər