28 Yanvar 2022 11:13
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

HD (High Definition – yüksək dəqiqlikli) formatda yüksək keyfiyyətli yayıma keçid televiziya kanalları üçün hər hansı əlavə xərc yaratmayacaq.

Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

R.Rüstəmov bildirib ki, yeni yayım istifadəçilərin rahatlığına hesblanıb:

"Burada həmçinin tamaşaçıların, yəni istifadəçilərin də hər hansı xərcinin olması gözlənilmir. Yalnız rəqəmsal televiziya qəbulediciləri olmayan vətəndaşlar ola bilər ki, onların kökləmələri yenidən düzəltməsinə ehtiyac ola bilər.

Yüksək keyfiyyətli yayıma keçidə Milli Televiziya və Radio Şurası ilə artıq bir neçə aydır ki, hazırlaşırdıq və bu gündən etibarən o keçid baş tutacaq. Məqsədimiz tamaşaçıları daha keyfiyyətli yayımla təmin etməkdir".

Xatırladaq ki, bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azerspace-1” telekommunikasiya peykindən yayımlanan yerli televiziya kanallarının HD (High Definition – yüksək dəqiqlikli) formatda yayımına başlanıb.

Bu yenilik Milli Televiziya və Radio Şurası, nazirlik yanında Kosmik Agentlik ("Azərkosmos"), “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-nə qədər yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası “MPEG-2” sıxlaşdırma metodundan “MPEG-4” sıxlaşdırma metoduna keçiriləcək.

HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.

Yerli televiziya kanalları HD formatda “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.

Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.


Müəllif: Teleqraf.com