Milli Məclisin bugünkü iclasında deputat Əhliman Əmiraslanov deyib ki, son 10 ildə inkişaf meyli göz qabağındadır.
O bildirib ki, son illər 500-dən artıq səhiyyə müəssisəsi təsis olunaraq əhalinin istifadəsinə verilib: “Təxminən 5-6 il bundan öncə ölkəmizdə ürək əməliyyatları aparılmırdı. Xəstələr xaricə aparılırdı. Lakin hazırda ölkəmizdə, hətta bölgələrdə də belə əməliyyatlar aparılır. Gələn ildən ölkədə dərman preparatları və sarğı materiallarının alınması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Bu, keyfiyyətli dərman preparatlarının artımına səbəb olacaq. Çox təqdirəlayiq haldır ki, xəstəxanalarda dərman və sarğı vasitələri büdcədən ayrılan vəsaitlə alınacaq”.
O deyib ki, ölkədə adambaşına düşən səhiyyə xərcləri aşağıdır: “Biz bunu dövlətdən gözləməməliyik. Məncə icbari tibbi sığorta ilə bağlı mühüm addımlar atılıb və yaxında bu tətbiq olunacaq. O zaman biz adam başına düşən səhiyyə xərclərini artıra biləcəyik”.
Onun sözlərinə görə, elmə, təhsilə qoyulan vəsait heç vaxt tez bir zamanda büdcəyə gəlir gətirmir: “Elə sahələr var ki, ümumiyyətlə gəlir gətirmir. Bu il də elmə ayrılan vəsaitin bir qədər də artacağına ümid edirəm”.
Nemət