21 Noyabr 2014 09:45
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA prezidenti, akademik Akif Əlizadə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib. O, qonağı salamlayaraq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin uzun illərdir mövcud olduğunu qeyd edib. AMEA prezidenti elmin müvafiq sahələrində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.


AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, yaxın zamanda İsrailə səfər edəcəyini söyləyən A.Əlizadə elmlə təhsilin inteqrasiyası istiqamətində bu ölkənin təcrübəsini öyrənmək arzusunda olduğunu dilə gətirib: “Bu gün İsrail elmi çox yüksək nailiyyətlər əldə edib. Ölkə elm, təhsil və innovativ texnologiyaların inkişafı istiqamətində böyük təcrübəyə malikdir.”

AMEA prezidenti İsrailin elm və təhsil müəssisəsələri ilə birgə fizika, geofizika, yer elmləri, tibb və aqrar sahələrdə birgə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.


İsraildə 70 mindən çox azərbaycanlının yaşadığını qeyd edən R.Harpaz akademik A.Əlizadəni öz ölkəsində görməkdən məmnun olacağını bildirərək AMEA rəhbərliyinə dəvət məktubunu təqdim edib. O, AMEA prezidentinin İsrailə səfərinin daha səmərəli təşkili məqsədilə İsrail elminin təbliği və tarixi abidələrinin tanıdılmasına dair xüsusi proqramın tərtib olunacağını vurğulayıb. AMEA ilə İsrailin Təbiət və Humanitar Elmlər Akademiyası arasında əməkdaşlığa dair sazişin imzalanmasının vacibliyini önə çəkib.


Tədbirdə, həmçinin bu əlaqələrin hər iki ölkədə mühüm elmi nailiyyətlərin əldə olunmasında böyük rol oynayacağı, əməkdaşlıq perspektivlərinin bundan sonra da inkişaf etdiriləcəyi bildirilib. Qeyd olunub ki, iki ölkə arasında bilik və təcrübə mübadiləsinin aparılması elmi imkanların daha da genişləndirilməsinə zəmin yaradacaq.


NİGAR


Müəllif: