Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka 14 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.
Ötən sutka FHN-in qüvvələri dördü azyaşlı olmaqla 12 nəfəri, o cümlədən Şamaxı rayonunda “Ford” markalı yük avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış iki nəfəri xilas ediblər.
Həmçinin Tovuz rayonunda “Shacman” markalı yük avtomobili və “Vaz” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1964-cü il təvəllüdlü Məmmədov İmran Hüseyn oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.