20 Fevral 2022 00:20
3 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yemək udmaqda çətinlik çəkirsiniz? Yeməyin yemək borusunda ilişib qalmasından şikayətlənirsiniz? Yeməkdən sonra öskürməyə başlayırsınız? Əgər siz də bu problemlərdən əziyyət çəkirsinizsə səbəbi "Axalaziya" xəstəliyi ola bilər.

Teleqraf.com xəbər verir ki, qida borusunun alt ucunda olan qapaq sisteminin rahatlaya bilməməsi nəticəsində qidanın mədəyə doğru hərəkətində çətinlik yaranması “axalaziya” xəstəliyinə səbəb olur. Qida borusu ilə boğazdan yemək borusuna, oradan isə mədəyə ötürülür. Qida borusu ilə mədə arasında yerləşən özofagus sfinkteri mədədəki turşu və qida maddələrinin yenidən özofagusa qaçmasının qarşısını alır. Qida borusu sfinkteri hər hansı bir faktorla öz funksiyasını itirərsə, qida yemək borusunda ilişib mədəyə enə bilməz. Nəticədə xəstənin çoxlu problemləri olan bu xəstəliyə axalaziya deyilir.

Axalaziyanın inkişafının dəqiq səbəbi hələ bilinməsə də, xəstəliyin ortaya çıxmasında bir çox amillərin təsirli olduğu bildirilir. Xəstəliyə müxtəlif virus infeksiyaları və otoimmün pozğunluqların səbəb ola biləcəyi irəli sürülsə də, müxtəlif bakterial infeksiyalar və genetik meylin də səbəb ola biləcəyi ifadə edilir.

Axalaziyanın ilk mərhələsində simptomlar adətən çox şiddətli deyil. Xəstəliyin ən çox görülən simptomu udma çətinliyidir. Xəstələr bərk qidaları və hətta maye qidaları udmaqda çətinlik çəkərkən, istehlak etdikləri qidanın yemək borusunda və ya döş qəfəsinin ortasında, bəzən günlərlə qalmasından şikayətlənirlər. Axalaziya udma çətinliyinə əlavə olaraq boğazda qıcıqlanma, yeməkdən sonra tez-tez öskürək, yanma və sinənin ortasında təzyiq kimi bir çox problemə səbəb ola bilər. Bundan əlavə, həzm olunmamış qidaların regurgitasiyası və ürəkbulanma kimi ümumi şikayətlər də var.

Axalaziya qida borusunda yığılan qida və ya mayelərin tənəffüs yollarına qaçması nəticəsində sətəlcəm və hətta boğulma kimi həyati təhlükəsi olan problemlər yarada bilər. Xəstəlik irəlilədikcə qidanın yemək borusundan mədəyə keçməsi demək olar ki, qeyri-mümkün olur və qidalarla yanaşı mayeləri də udmaqda çətinlik yaranır. Xəstələr qeyri-kafi qidalanma səbəbiylə arıqlayır və bir çox sağlamlıq problemi yaşaya bilərlər.

Axalaziyanın gedişi yavaş olduğuna görə diaqnozun qoyulması uzun illər çəkə bilər. Diaqnoz xəstədən ətraflı anamnez, barium qida borusu rentgenoqrafiyası, manometr və endoskopiya üsulları ilə qoyulur.

Axalaziyada şikayətlərin aradan qaldırılmasında dərman müalicəsi və botoks üsulu təsirli olur. Bununla belə, dərmanların hər gün qəbul edilməsi, tez-tez fasilələrlə botoksun təkrarlanması lazımdır. Balon dilatasiyası yemək borusu ilə mədə arasında hamar bir keçid təmin edən və 70-80 faiz müvəffəqiyyət nisbətinə malik başqa bir üsuldur. Axalaziyanın dəqiq müalicəsi endoskopiya üsulu ilə təmin edilə bilər.

Qatı və maye qidaları udmaqda çətinlik, yemək udduqdan sonra yaranan öskürək, sinə nahiyəsində ağrı və yanma hissi, qidaların ağzına qayıtması, ürəkbulanma, qusma, kilo itkisi xəstəliyin əlamətlərindəndir.

POEM müalicəsi ilə əməliyyat olmadan çox qısa müddətdə normal qidalanmaya başlamaq mümkündür və həyat keyfiyyəti xeyli yüksəlir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər