Qarabağ regionu gələcəkdə günəş və külək elektrik stansiyalarının tikintisi üçün nəhəng potensiala malikdir.
Teleqraf.com-un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün imzalanan memorandumlar çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl" və təmiz enerji məsələləri işlənəcək.
"Kəlbəcər-Laçın zonasında 100 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi planlaşdırılır. Eyni zamanda, xarici investisiyalar hesabına regionda günəş enerjisini inkişaf etdirmək nəzərdə tutulur", - deyə o bildirib.
Nazir əlavə edib ki, Qarabağ regionu gələcəkdə 200 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi üçün nəhəng potensiala malikdir.