15 Aprel 2022 10:47
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov təhsildə kurikulum sistemindəki dəyişikliklərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Nadir müəllim, 2012-ci ildə qəbul olunmuş məktəbəqədər təhsil proqramı (kurikulum, 3-6 yaş) ləğv edildi. Yeni qərar insanlar arasında çaşqınlıq yaratdı...

- Kurikulum bizim ümumtəhsil məktəblərinin milli konsepsiyasıdır, Nazirlər Kabinetində təsdiq olunub. Buna müvafiq qiymətləndirmə standartları hazırlanıb. Hazırda panika yaradıblar ki, kurikulum sistemi ləğv olunub. Kurikulum əsla ləğv oluna bilməz. Məzmun islahatları aparılır.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, 2021-ci ildən bu standartları Nazirlər Kabineti müəyyən edir. Amma kurikulum daim yenilənir, təkmilləşir və bu iş Təhsil Nazirliyinə həvalə edilib. Kurikulumlarla bağlı dəyişiklikdə də köhnə konsepsiya ləğv olundu və yenilənmə aparıldı.

Bu informasiya fərqli vaxtda yayımlandığı üçün insanlar elə bildi ki, kurikulum ləğv edildi. Kurikulum yenilənir və bu davam edəcək. Hazırda kurikulumlara müvafiq olaraq qiymətləndirmə mexanizmləri var. Burada da müəyyən problemlər müşahidə olunur. Məsələn, diaqnostik, formativ, summativ, kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə müəllimlərin həddindən artıq yüklənməsi, əlavə kağız israfı kimi böyük narazılıqlara səbəb olub.

- Siz özünüz kurkulum sistemindən razısınızmı?

- Mənim kurikulumlardan narazı olmağım məsələni həll etmir. Kurikulumlara münasibət birmənalı deyil. Tətbiq olunandan bu günə qədər kurikulumlarla bağlı çox böyük söhbətlər gedir, narahatlıqlar ifadə olunur. Kurikulum məzmun islahatıdır. İndi bu sadəcə ümumtəhsilin konsepsiyası elan olunub. Bunu sadəcə mən yox, keçmiş təhsil naziri Mikayıl Cabbarov da, Dövlət İmtahan Mərkəzi (DİM) sədri Məleykə Abbaszadə də qeyd edib ki, kurikulumları qəbul edərkən tələsikliyə yol verilib. İzahat verilməli, müəllimlər kurslara cəlb olunmalı, müəyyən proseslərdən sonra kurikulum tətbiq olunmalı idi. Hazırlıqsız şəkildə kurikulumun həyata keçirilməsi problemlər yaratdı.

Təhsil yerində durmur, yenilənir, təkmilləşir. Şübhəsiz ki, kurikulum sistemindəki problemlər tədricən öz həllini tapır. Kurikulumun nə olduğunu çox adam başa düşmür. Kurikulum əcnəbi sözdür. Latın dilindən təcrümədə "yol, istiqamət" deməkdir. Daha sonra İngiltərədə bunun daha müasir tərifini verərək bildirdilər ki, "təhsil proqramı" anlamındadır. Təhsil proqramı müntəzəm vəziyyətə uyğun dəyişməlidir.

- Bəs kurikulum hansı fərqləri özü ilə gətirdi? Təhsilin keyfiyyətində dəyişikliklər oldumu?

- Bunun bir problemi var, əvvəlki təhsil proqramlarımız bilik yönlü sayılırdı. Kurikulum səriştəyə əsaslanan şəxsiyyət yönümlü sistemdir. Amma biz yenə də təhsili biliklə ölçürük. Filan qədər tələbə 700, filan qədər tələbə 600 bal toplayıb deyirik. Kurikulumun məqsədi ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirməkdir. Məktəbin vəzifəsi şagirdin 600-700 bal toplamasına kömək etmək deyil.

44 günlük müharibəni 700 bal toplayanlar, ingilis dili bilənlər qazanmadılar. Heç bir sənəddə göstərilmir ki, məktəbin funksiyası şagirdi ali məktəbə hazırlamaqdır. Amma bizim mentalitetdən irəli gəlir, 700 bal toplayan olmayanda mətbuat yazır ki, təhsilin keyfiyyəti aşağı düşüb. Təhsilin keyfiyyəti balla ölçülə bilməz. Təhsilin keyfiyyəti geniş anlayışdır. Bu məsələlər üzərindən 30 illik müddət keçib, amma hələ də bu sahədə keçid dövründəyik.

- Məktəbin funksiyası ali məktəbə hazırlamaq deyilsə, bəs nədir?

- Orta məktəbi ali təhsilə görə oxuyuruq? Ümumtəhsil məktəbinin vəzifələri ümumtəhsil nizamnaməsində, təhsil haqqında qanunda göstərilib. Orada bütün vəzifələr, funskiyalar qeyd olunub. Təhsilimizin ibtidai, ümumorta, tam orta, bakalavr, magistratura, akademik təhsil pillələri var. O zaman təhsilin sonuncu pilləsini hamı oxumalıdır? İndi 9 illik üzrə attestat veririk.

Ümumtəhsil məktəbinin vəzifəsi şagirdlərə ümumi bilik, bacarıq vərdişləri verməkdən ibarətdir. Hamı ali məktəb oxumalıdır? İndi bizdə dəb düşüb ki, filankəsin uşağı ali məktəbə girdi, sən qaldın. Biz təhsilə baxışımızı dəyişməliyik. Hərtərəfli inkişaf etmiş vətəndaş yetişdirməliyik. Bizim vəzifəmiz Mendeleyevlər, İssak Nyutonlar, kosmonavtlar hazırlamaq yox, vətəndaş hazırlamaqdır.

İxtisaslaşma üçün təmayüllü siniflər, liseylər var. Almaniya, Fransa, Yaponiya kimi ölkələr texniki peşə məktəblərinin hesabına inkişaf edib. Bu gün Almaniyada texniki peşə məktəblərinin sayı universitetlərdən çoxdur.

- Peşə məktəblərinə ölkəmizdə maraq çox azdır. Valideyn istəyir ki, övladı ali məktəbdə oxusun...

- Sovet dövründə var idi Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Peşə Komitəsi. Sonra bunu birləşdirdik etdik Təhsil Nazirliyi. Sonradan ölkəmizdə Peşə Təhsili Agentliyi yaradıldı. Bu gün texniki peşəyə diqqət artıb.

Sovet dövründə Texniki Peşə məktəbini bitirən adamlara böyük hörmət var idi. İndi peşə adamlarının təbliği azalıb. Dövrlə, zamanla bağlıdır. Bizdə Avropa oyunları keçirildi, amma gələn qonaqlara xidmət etmək üçün peşəkarlar tapılmadı. Ümidvaram ki, 5-10 il sonra vəziyyət dəyişər. Təkcə ali məktəb kadrları ilə dövləti idarə etmək olmaz.


Müəllif: Aysel Azad