Prezident İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında Zəngilan rayonunda böyük infrastruktur layihələrin icra edilməsi ilə bağlı geniş məlumatlar verdi.
Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Cənab prezident bildirdi ki, “bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.” Bu baxımdan Zəngəzur dəhlizi həm bizim üçün və həm də qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq. Azərbaycan 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra regionda yeni reallıqlar yaradıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionu dedikdə ağıla ilk gələn Azərbaycandır. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara nail olmağı bacarıb.