Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanda peşə təhsil müəssisələrinin müasirləşdirilməsi üzrə fəaliyyət gündəliyini davam etdirir.
Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində, Avropa Təlim Fondunun (ATF) missiya komandası ölkədə peşə təhsili üzrə ümumi gedişatın monitorinqi və bu sahədə gələcək dəstək tədbirlərinin müəyyən edilməsi məqsədilə Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinə səfər edib.
Rəsmi səfərdə ATF-in ekspert qrupu, təşkilatçı qurumların yüksək səviyyəli rəsmiləri, hökumət nümayəndələri və sözügedən regional peşə təhsil müəssisəsinin rəhbərliyi iştirak edib.
İkigünlük səfər zamanı rəsmilər, bu Mərkəzin əməkdaşları və karyeraya dəstək koordinatorları ilə yaxından tanış olub, özəl sektor şirkətləri və bu layihə çərçivəsində iştirak edən digər əlaqədar tərəflərlə görüşlər keçiriblər.
İştirakçılar peşə təhsilinin müxtəlif sahələrində mövcud inkişaf tendensiyaları və fürsətlər haqda ətraflı danışıb, o cümlədən kurikulum, peşə təhsilinin əmək bazarına uyğunluğu və regionlarda peşə təhsili məzunu qadın və kişilər üçün məşğulluq imkanlarını müzakirə ediblər.
Avropa Təlim Fondu – Aİ-nin xarici siyasət və fəaliyyətlərinə yüksək keyfiyyətli və vaxtında dəstək verməklə tərəfdaş ölkələrdə insan kapitalının inkişafının yaxşılaşdırılmasına töhfə vermək mandatı olan Avropa İttifaqı agentliyidir.
Qeyd edilməlidir ki, Azərbaycan ATF ilə əməkdaşlıq edərək Şərq Tərəfdaşlığı gündəliyinin bir hissəsi kimi Torino Prosesi (TRP) çərçivəsində peşə təhsili və təlimi siyasətinin nəzərdən keçirilməsini icra edir.
TRP-nin diqqəti - peşə təhsili və təlimi siyasətini gənclərin və yetkinlərin də iştirak etdiyi ömürboyu öyrənmə perspektivindən təhlil edərək yüksək keyfiyyətdə araşdırılmasına və vəziyyətinin qiymətləndirilməsinə yönəlib.
Avropa Təlim Fondunun sözügedən bu missiyası isə ATF Ölkə Proqramı 2022 çərçivəsində baş tutur. Missiya peşə təhsil müəssisələri səviyyəsində inkişafın baxışdan keçirilməsi, həm də insan kapitalının inkişafı ilə əlaqəli daha geniş sosial-iqtisadi məsələləri nəzərə alaraq prosesin təhlili məqsədini daşıyır. Bütün səylər, heç kəsi kənarda qoymadan peşə təhsilində hərtərəfli və “hər kəs üçün təlim” yanaşmasını təmin etməyə yönəlir.
“Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin əməkdaşlıq apardığı tərəfdaş olaraq Avropa Təlim Fondu, hər il Azərbaycanda monitorinq səfərləri həyata keçirir. Bu səfərlərin məqsədi beynəlxalq təcrübələrə istinad edərək konstruktiv təkliflər vermək və sahə üzrə potensial çətinliklərin həlli üçün prosesə yaxından kömək etməkdir.