12-14 may tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızıstan, Qazaxıstan, Rusiya (Başqırdıstan), Litva və Belarusdan da musiqi qrupları iştirak edib. Ümumilikdə 100-ə yaxın qonağın iştirak etdiyi konsertlər Cıdır düzündə qurulmuş 7 məkanda keçirilib. Tədbirin ilk günü Qarabağ atları üzərində yarışlar və güləş yarışları ilə də yadda qalıb. Birinci festivalın tamaşaçıları əsasən Şuşa sakinləri olub.
1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.
1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaçıların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib.
II və III festivalların yekun konsertləri Bakıda indiki Heydər Əliyev Sarayında təşkil olunub.
Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən “Xarıbülbül” festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarət kompleksində keçirilib.
Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mədəniyyət paytaxtımızın 28 il sürən işğaldan azad edilməsindən sonra bərpa olundu. Azərbaycanın mədəniyyət paytaxtı 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olundu. Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirildi, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirildi. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olundu. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xoru, həmçinin tanınmış vokal ifaçıları və digər solistlər çıxış etdilər.
V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mədəniyyət paytaxtımızın yeni növrağını, səsini dünyaya duyuracaq.