Azərbaycanda “Cons Trade 1001” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati qaydada protokol yazılıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə cəza tətbiq olunub.
Protokol araşdırılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fərid Əmirəliyevin icraatına verilib.
Bu işə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Mətbuatda yayılan məlumata görə, “Cons Trade 1001” MMC bir çox tenderlərdə qalib olub.
MMC 2020-ci ildə Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qaliblərindən biri olub.