Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib. Belə ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə hansı hallarda cərimə, hansı hallarda azadlıqdan məhrumetmə cəzaları tətbiq olunacağı yenidən müəyyənləşir.
Lakin yeni qərar ictimaiyyət arasında birmənalı qarşılanmır. Bir çoxları bunun narkotik aludəçilərinin sayının artmasına səbəb olacağını düşünür.
Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən hüquqşünas Vüqar Babayev bildirib ki, narkotik şəxsi istehlak miqdarından artıq olduğu zaman şəxs cinayət məsuliyyətinə cəlb olunur. Onun sözlərinə görə, aşkarlanan narkotik şəxsi istehlak miqdarından az olduqda məsuliyyət yaratmır: “Bu normalar Nazirlər Kabineti tərəfindən tənzimlənir. Ancaq nə qədər ki, qanunvericilik aktı qəbul edilməyib, onu şərh etmək çətindir”.
Ekspert qeyd edib ki, bu məsələ dünya ölkələrində müxtəlif istiqamətdə tənzimlənir: “Elə ölkələr var ki, yüngül narkotiklərin istifadəsi leqallaşdırılıb, elə ölkə də var ki, qadağandır. Məsələn, Avropa ölkələrində narkotik leqaldırsa, müsəlman ölkələrində qadağandır”.
“İstintaqın nəticəsi, araşdırma, sübutlarla narkotik maddənin şəxsi istifadə və ya satış üçün nəzərdə tutulduğu müəyyənləşdirilir. İşin gedişindən asılıdır. Burada, fərziyyə ilə qərar vermək olmaz”- deyə Vüqar Babayev əlavə edib.