Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
Teleqraf.com xəbər verir ki, media nümayəndələri əvvəlcə qurumun inzibati binasında 2022-ci il üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurulması ilə bağlı prosesi izləyiblər.
MSK-nın iclasında çıxış edən MSK sədri Məzahir Pənahov əvvəlcə 28 may müstəqillik günü barədə danışıb. Bu bayramın 2020-ci ildən sonra fərqli ab-havada qeyd olunduğunu vurğulayıb.
İclasda ilk olaraq qurumun 17 mart tarixli iclas protokolu təsdiqlənib.
Daha sonra Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyashısının tərtibi müzakirə olunub. Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O qeyd edib ki, MSK hər ilin əvvəlindən seçici siyahılarının dəqiqləşdiirlməsinə başlayır və bu prosesə may ayında yekun verir. Bu siyahılar müvafiq icra hakimiyyəti orqanları və bələdiyələr tərəfindən təqdim olunur: “Əvvəlcə aşağı seçki komissiyaları bu məlumatları toplayır və dairə seçki komissiyalarına ötürür. Bu günədək proses başa çatdırılıb və bu gün yekun vurulur. Sonuncu dəfə bu proses 2020-ci ildə keçirilib. Pandemiya müddətində bu işi görmək mümkün olmayıb”.
Rövzət Qasımov deyib ki, seçici sayında ciddi artım müşahidə olunur: “2020-ci ilin əvvəllərindən ölkəmizdə COVID-19 infeksiyasına yoluxma müşahidə olunurdu. Seçici siyahılarında artıma pandemiya dövründə vətəndaşların ölkəyə qayıtması və sonra bu prosesin daha da asanlaşdırılması səbəb olub. Xaricdə olan vətəndaşlar ölkəyə qayıdıb. Həmçinin, yaxın ölkələrdə mövcud olan hərbi vəziyyət, habelə bəzi ölkələrdə mövcud olan qeyri-sabit iqtisadi vəziyyət vətəndaşların ölkələrə dönməsinə gətirib çıxarıb”.
Rövzət Qasımov qeyd edib ki, seçici siyahılarının dəqiqləşdirilməsi zamanı, həmçinin, daxili miqrasiya da müşahidə olunub:
“Vətən müharibəsinidən sonra təmas xəttində yaşayan vətəndaşlar da həmin ərazilərə qayıdıblar ki, bu da seçici siyahılarında artıma səbəb olub. Ancaq ən əsası ölkəmizdə mövcud olan daha sabit iqtisadi vəziyyət və pandemiya dövründə atılan iqtisadi addımlar seçici siyahılarının artımını şərtləndirib”.