“Texnofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edən “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraqdar AMEA-nın pavilyonu ilə yaxından tanış olub, akademiyanın Yüksək Texnologiyalar Parkının (YTP) təqdim etdiyi innovativ məhsullara baxış keçirib.
Bu barədə Teleqraf.com-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Haluk Bayraqdar ilk dəfə Türkiyədən kənarda, Bakıda keçirilən bu mötəbər festivalın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. Şirkətin baş direktoru AMEA pavilyonunda təqdim olunan məhsullar arasında xüsusən pilotsuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, o cümlədən mühərrik və sürtkü yağlarına böyük diqqət göstərib, akademiyada əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.
“Düşünürəm ki, bu festival hər il daha da inkişaf edərək böyük bir platformaya çevriləcək”, - deyə qeyd edən Haluk Bayraqdar festivalda iştirak edən hər bir müəssisə və təşkilata uğurlar arzu edib.
Yüksək Texnologiyalar Parkının baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Haluk Bayraqdarı rəhbərlik etdiyi texnoparkda əldə olunan nailiyyətlər, istehsal olunan rəqabətədözümlü məhsullarla yaxından tanışlıq və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün YTP-yə dəvət edib.