“Dünya Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən qeydiyyat sisteminin təkmilləşdirilməsi proqramı çərçivəsində, ölkədə daşınmaz əmlak sisteminin avtomatlaşdırılması ilə bağlı bir sıra işlər görülməkdədir”.
Teleqraf.com xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov jurnalistlərə açıqlamasında deyib. Komitə sədri, eyni zamanda elektron hökumətə keçidlə bağlı daşınmaz əmlakın idarəçiliyi ilə bağlı işlərin görüldüyünü də deyib:
“Bu işlər yaxın vaxtlarda başa çatacaq. Beləliklə, Azərbaycanda mövcud olan daşınmaz əmlakın qeydiyyat sistemi tam elektron formada fəaliyyət göstərəcək. Bu da vətəndaşlara elektron formatda xidmətin göstərilməsi üçün hazırlanıb. Əsas məqsəd isə məmurla vətəndaş arasında münasibətlərin minimuma endirilməsindən, qeydiyyat sistemində şəffaflığın artırılmasından ibarətdir”.
K.Həsənov qeyd edib ki, bu işlərin asanlaşdırılması məqsədi ilə İnformasiya Sistemləri mərkəzi tikilir: “Avtomatlaşdırılmış İnformasiya Sistemi bazasının da bu mərkəzdə qurulması prosesi gedir. Gələn il bu mərkəzin tikintisini başa çatdıracağıq. Ölkədə mövcud olan daşınmaz əmlakla bağlı bütün işlər mərkəzdə olacaq. Hətta əmlaklarla bağlı bütün məlumatlar canlı olaraq bu bazada toplanacaq”.
Komitə sədri, hətta Şamaxı şəhərində də avtomatlaşdırılmış idarəetmə sisteminin ehtiyat bazasının tikildiyini diqqətə çatdırıb: “Bu tikinti işləri də gələn il başa çatacaq. Yaxın zamanlarda daşınmaz əmlakın idarəetmə sisteminin bütün ölkədə qurulmasına başlanacaq”.
İlhamə