30 May 2022 17:46
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlunun sabiq deputat Hüseynbala Mirələmovun “Ənvər Paşa” romanının əsl müəllifi olduğuna dair iddiası müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Hüseynbala Mirələmov Feysbuk səhifəsində Sərvaz Hüseynoğlunu yalan danışmaqda suçlayıb.

“Bu yaşıma qədər çox yalan və böhtanlara şahid olmuşam, amma bu qədər həyasızcasına danışılan bir yalan hələ eşitməmişdim! Əvvəla, Sərvaz Hüseynoğlunu heç şəxsən tanımıram, heç vaxt bir kəlmə də kəsməmişik. İkincisi, insan necə ağır bir psixi pozuntudan əziyyət çəkməlidir ki, tanınmış bir yazıçının əsərinə belə iddia irəli sürsün?!”

Hüseynbala Mirələmov Sərvaz Hüseynoğlunu pul hərisliyində ittiham edib:

““Ənvər Paşa” romanının üzərində işləyəndə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın xahişi ilə əsərdən bir hissəni çap etmək üçün 2020-ci ilin noyabrında sözügedən qəzetə yollamışdım. Elə həmin günlərdə də əsərdən bir parça qəzetdə dərc edildi. Görünür, qəzetə gələn materiallara işinə uyğun deyil, “müştəri gözü”ylə baxan adıçəkilən şöbə müdiri elə həmin vaxt özlüyündə bu qərara gəlib ki, yaxşı ələ keçirilməli materialdır, amma bu oğurluğu həmin vaxt bacara bilmədiyinə görə, aradan iki il keçəndən sonra Azərbaycanda və Türkiyədə uğur qazanmış əsərimi öz adına çıxmaq kimi bir həyasızlığa cəsarət edib. Daha iki il niyə gözləyirdi ki, elə o vaxt söyləyərdi də bu mənfur yalanını?! “Ənvər Paşa” romanımın uğurundan necə həsədə qapılıbsa, anidən ağlını qaçırıb. Buna başqa ad tapmıram!”.

O, müəlliflik hüququnu qanuni yolla müdafiə edəcəyini və Sərvaz Hüseynoğlunu məhkəməyə verəcəyini qeyd edib.

Xatırladaq ki, Sərvaz Hüseynoğlu sözügedən paylaşımını Feysbuk səhifəsindən silib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər