Dənizkənarı Bulvar ərazisində xidmət göstərən restoran və kafelərdə qiymətlərin yüksək olması uzun illərdir müştərilərin narazalıqlarına səbəb olur. Nəfəs dərmək üçün çay evinə daxil olan müştəridən mütləq şəkildə çayı dəstgah şəklində sifariş verməsi tələb olunur. Özü də bu dəstagahın qiyməti minimum 25 manatdan başlayır, yüksəldikcə yüksəlir. Sual yaranır, sadə çay içmək istəyən iki nəfər hansı məntqilə dəstgah sifariş verməlidir? Bu obyektlərə nəzarət nə dərəcədədir?
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva Teleqraf.com-a bildirib ki, bulvar ərazisində xidmət göstərən iaşə obyektləri sahibkarlar tərəfindən idarə olunduğuna görə İdarə qiymətlərə müdaxilə edə bilmir:
“Həmin məkanlara yalnız tövsiyələrimiz verilir. Bu yaxınlarda zənglər gəldi ki, bulvarda ucuz çay yoxdur, hamısı dəstgah halında təklif olunur. Əslində ucuz məkanlar da var. Biz sadəcə obyekt sahiblərinə tövsiyə xarakterli bildiririk ki, menyu təqdim olunsun, qiymətlər nəzərə alınsın. Mən özüm bulvarda münasib qiymətə adi çay içmişəm. Hər kəs meynuya baxdıqdan sonra cibinə uyğun məkanda əyləşir. Sahibkarların işinə qanuni baxımdan müdaxilə edə bilmirik”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, restoranların bu davranışı ölkənin dünya miqyasında imicinə də zərbədir:
“Bu məsələ 10 ilə yaxındır Azərbaycanda problem olaraq qalır. Yaşanan hal ölkəmiz barədə turistlərdə mənfi təəssürat yaradır. Əsasən bulvar ərazisindən başlayaraq şəhərin digər yerlərindəki iaşə obyektlərində müşahidə olunur. Bəzi hallarda istehlakçı bunu əvvəlcədən bilmir, ödənişi ondan axırda tələb edir, yaxud ailəvi gələnlərdən sui-istifadə olunur. Bu kimi məsələləri AİB olaraq pisləyir və istehlakçı hüquqlarının pozulması sayırıq. Azərbaycan alkoqolik yox, çay çox istehlak olunan ölkədir. Bu addımlar ölkənin imicinə zərbədir”.
Ekspert bildirir ki, aidiyyəti qurumlar məsələyə müdaxilə etməkdən boyun qaçırır: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısında bu məsələni qaldırdıqda bildirirlər ki, bu, biznes qurumunun öz işidir, istədiyini edər. Təklif edirəm ki, Nazirlər Kabineti restoran, çay evi, şadlıq sarayları haqqında qaydalar hazırlasın. "Öz əraziləridir, özləri bilər" prinsipi düzgün deyil.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti guya istehlakçı hüquqlarını qoruyur, amma vecsiz işlərlə məşğuldur, bu sahədə səmərəli iş görmür. Çox təəsüf ki, problem həllini tapmır”.