Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin Şuşaya altıncı səfəri təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildirilib ki, Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində baş tutan səfərdə 18 ölkədən 98 diaspor nümayəndəsi iştirak edir.
Səfər proqramına “Bazarbaşı”, Cıdır düzü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın sarayı, “Xan qızı bulağı”, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəyovun heykəli, Bülbülün ev-muzeyi, Gəncə Qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidləri və digər görməli yerlərin ziyarəti daxil edilib. Eyni zamanda diaspor üzvləri post-müharibə dövründə mədəniyyət paytaxtımızda aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilmişdi.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr), 2022-ci ildə bir dəfə (26 iyul) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” şüarı altında reallaşan səfərlər Azərbaycan diaspor tarixinə yazılmış ən mühüm hadisələrdən biridir.