19 Avqust 2022 16:10
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında monitorinqlər aparır.

Bu barədə Teleqraf.com-a qurumdan bildirilib.

"Hazırda dünyada baş verən iqtisadi proseslər, ərzaqlıq buğdanın əsas istehsalçısı və ixracatçısı olan Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişənin yaratdığı problemlər, tədarük riskləri, ərzaqlıq buğda ixracında məhdudiyyətlər, dünya bazarında ərzaqlıq buğdaya tələbin yüksəlməsi qiymət artımına səbəb olub. Bu və digər amillər Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib. Hazırda daxili bazarda unun və nəticə etibarilə, çörəyin qiymətində artım müşahidə olunur.

Azərbaycanda ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır. “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, dünya ərzaq bazarında qiymətlərin artımı fonunda ölkəmizdə un və çörəyin qiymətlərində manipulyasiyalara yol verilməməsi üçün Dövlət Xidməti qanuna müvafiq tədbirlər həyata keçirir, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır.

Dövlət Xidmətinin rəsmi internet saytında un istehsalçılarının topdansatış mərkəzləri, həmçinin məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatlar yerləşdirilib və mütəmadi olaraq yenilənir", - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər