Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil olunan müntəzəm avtobus reyslərinə sentyabr ayına olan biletlər 29 avqust 2022-ci il saat 15:00-da satışa çıxarılacaq.
Bu barədə Teleqraf.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etmək lazımdır. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində tarixi, mədəni və dini abidələr ziyarət olunur.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk reys iyunun 25-də həyata keçirilib.