Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
Teleqraf.com xəbər verir ki, beynəlxalq səyahətçilər Şuşa şəhərindən sonra Ağdama gəliblər. Xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.
Qeyd edək ki, beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Ötən il dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərdə 25-ə yaxın ölkədən 100-dən çox beynəlxalq səyahətçi iştirak edib.