29 Sentyabr 2022 18:00
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid Səbuhi Əhmədovun ailəsinə “Şəhid ailəsi” statusu verilməsi barədə Müdafiə Nazirliyinin 9 gün əvvəl verdiyi sənəd müzakirələrə səbəb olub.

Valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədov “SOS Uşaq Kəndləri – Azərbaycan” müəssisəsində böyüyüblər. Ailə Məcəlləsinə görə, qardaş ailə üzvü sayılmadığ üçün şəhidin qardaşı bu statusdan yararlana bilməz.

Qanunvericiliyə görə, birinci dərəcəli ailə üzvləri: ər-arvad, valideynlər, övladlar hesab olunur.

Hərbi ekspert Üzeyir Cəfərov Teleqraf.com-a xatırladıb ki, Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) verdiyi birotaqlı mənzildən imtina edib.

O qeyd edib ki, bu məsələdə ƏƏSMN haqsızdır: “Sənan Əhmədov şəhid ailəsinin üzvü sayılır. Nazirlik rəsmisi deyir ki, qanunda boşluq var. Bu halda zəhmət çəkib Milli Məclisə müraciət etsinlər, o boşluğu aradan qaldırsınlar. İfadəmə görə üzr istəyirəm, göbələk deyil ki, yerdən çıxsın. Şəhidin atası rəhmətə gedib, əgər anası varis deyilsə, ailə üzvlərindən biri istənilən halda varislik hüququna malikdir.

Deputat Aqil Abbas deyir ki, dövlətin gücü buna çatır. Minnət etmək lazım deyil, pis-yaxşı Sənan şəhidin doğma qardaşıdır və ona mənzil verilməlidir. Sənan ailəlidir, dövlət ona ikiotaqlı mənzil versə, dünya dağılar?! Tutaq ki, ictimaiyyət nümayəndələri şəhid ailəsi olaraq Sənanın evinə gedir. Yataq otağında gələn qonaqları qarşılamaq nə dərəcədə düzgün olar?! Ən azından iki otaqlı mənzil verilsin ki, otağın birində rəhmətlik qardaşının şəkilini assın, xidməti ilə bağlı balaca bir guşə yaratsın.

Hesab edirəm ki, Sənan Əhmədov Səbuhi Əhmədovun hüquqi varisidir. Bunu məhkəmə də tanıyacaq. Sadəcə məsələ hüquqi müstəvidə həllini tapmalıdır.

Deputat Müşfiq Cəfərov açıqlama verir ki, Sənan şəhid ailəsi sayılmır, amma istisnalar etmək olar. Sən deputatsan, Milli Məclisdə deməlisən ki, qanunun bu boşluğunu doldurmaq lazımdır. Deməyindən belə çıxır ki, guya Sənana hörmət olunur. Xoşunuza gəlsə də, gəlməsə də onlar doğma qardaşıdırlar. Ataları da, anaları da eynidir. Nə olsun ki, onlar valideyn himayəsindən məhrum olmuş “SOS Uşaq Kəndləri – Azərbaycan” müəssisəsində yaşayıblar?! Ataları hərbçi olub, rəhmətə gedib. Görünür anaları saxlaya bilmədiyi üçün uşaq evinə verib. Belə yanaşma düzgün deyil”.

Üzeyir Cəfərov hesab edir ki, Sənana ən azı ikiotaqlı mənzil verilməlidir: “Bu mövzunun gündəmə gəlməsi dövlət və cəmiyyət olaraq bizim üçün ayıbdır. Yəni Azərbaycan dövlətinin imkanı yoxdur şəhidin qardaşına ikiotaqlı mənzil versin? Hansısa musiqiçiyə 3-4 otaqlı mənzil verilir. Xanım müğənniyə 100-200 minlik maşın bağışlayan imkanlı “qaqaşlar” üçotaqlı mənzil alıb versinlər Sənana. İmkanım olsaydı, özüm bunu həyata keçirərdim. Haradadır “Vətən, “ordu”, “sevgi”, “ürəyimiz” deyən oğullar?!”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər