Parlament “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı layihəni müzakirə edib.
Teleqraf.com xəbər verir ki, dəyişiklikləri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli təqdim edib.
O bildirib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə uğurla həyata keçirilir:
“Sentyabrın əvvəllərində biz komitədə görüş keçirdik, Avropa Şurasından gələn heyət də bunu vurğuladı. Bu mübarizə prosesinə digər dövlət orqanları, QHT və beynəlxalq təşkilatlar cəlb edilir. Qanuna əlavə əlaqələndirmə işi ilə bağlıdır. Hazırda əlaqələndirməni Milli Koordinat həyata keçirir. Amma burada QHT və digər qurumlar da var, odur ki, İşçi Qrupunun yaradılması nəzərdə tutulur. Bu dəyişiklik Milli Fəaliyyət Planına da əlavə edilir”.
Qeyd edək ki, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun 7.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilir: “Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.