Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısının "rüşvət verməyə təhrik etmə ittihamı üzrə şahid qismində tanınmış şəxslər zərərçəkmiş kimi tanınmalıdır" - vəsatətinə baxılıb.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin etməyib.
Daha sonra Ramin Hacılı çıxış edib.
Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş bəzi ittihamların xaric edilməsini, əvvəllər onunla çalışmış bir neçə şəxsin şahid qismində dindirilməsini, onun əməlindən residiv olmaması barədə qərar qəbul edilməsi ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə isə bu vəsatətlərə müşavirə otağında qiymət verəcəyini bildirib.
Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.
İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Ramin Hacılının barəsində olan cinayət işi ayrıca icraatda məhkəməyə göndərilib.