5 Oktyabr 2022 12:00
222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonu Gənclər Mərkəzində “Şimal regionunda ictimai şuraların ictimai iştirakçılıqda rolu və ictimai mexanizimlərin təkmilləşməsinin birgə müzakirəsi” adlı layihə çərçivəsində Dəyirmi Masa keçirilib.

"İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyinin həyata keçirdiyi layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutub.

Tədbiri layhə rəhbəri Samir Umudov açaraq, layihə barədə məlumat verib və tədbir iştirakçılarını təqdim edib.

Daha sonra çıxış edən Siyəzən Rayon İcra Hakimyətinin İctimai – Siyasi və Humanitar Məsələlər Şöbəsinin baş məsləhətçisi Aqil Abdulov son illər ictimai iştirakçılığın təmini ilə bağlı rayonda görülən işlər barədə çıxış edib. O, qeyd edib ki, ictimai iştirakçılığın rayonda inkişafı həm yerli icra hakimyyətinin, həm də vətəndaşların xeyrinədir. Aqil Abdulovun sözlərinə görə, ictimai şuraların fəaliyyətinin təbliğinə ciddi ehtiyac var və buna görə də bu cür layihələrin həyata keçirililməsi önəmlidir.

Layihənin eksperti Şaban Nəsirov ictimai iştirakçılığın fəaliyyət növləri, məramı, məqsədləri barədə danışıb. Onun fikrincə, yerli icra hakimyyətləri yanında ictimai şuraların fəaliyyəti hələ ki, qənaətbəxş deyil. Onların gördükləri işlərin əhaliyə çatdırılması istiqamətində lazımi işlər görülməyib.

Şaban Nəsirov qeyd edib ki, rayonlarda fərdi qaydada ictimai fəaliyyətlə məşğul olan kəsim ictimai şura seçkilərinə cəlb oluna bilər. Onun sözlərinə görə, ictimai şuraların fəaliyyətində üzvlərin şəxsi keyfiyyəti mühüm rol oynayır.
Şaban Nəsirov xüsusilə rayon icra hakimyyətlərinin yanında fəaliyyət göstərən ictimai şuraların üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Qeyd edib ki, bu cür şuralar vətəndaşları narahat edən məsələlərə daha tez reaksiya verməli və problemlərin həllinə çalışmalıdırlar ki, sonra bu problemlər daha ciddi xarakter almasın. Mövcud durumda yerli ictimai şuraların ilk növbədə qazilərin və şəhid ailələrinin problemlərinə həssas yanaşması ilkin şərtlərdən biridir. Onlar bu həssas sosial təbəqənin dövlət qurumları ilə münasibətlərində vasitəçi kimi çıxış edə bilərlər.

Ekspert ictimai şuraların fəaliyyətinin daha işlək hala gətirilməsi üçün dövlət büdcəsindən maliyyənin ayrılması, onlar üçün ofislərin ayrılması və s. kimi təkliflərin müzakirə olunduğundan söz açıb.

Tədbir iştirakçıları, o cümlədən də ictimai şura üzvləri mövzu ətrafında çıxış edib və təkliflərini səsləndiriblər. Siyəzən rayon İcra Hakimyyəti yanında İctimai Şura üzvü Vüsal Hüseynov gördükləri işlər barədə məlumat verməklə bərabər, çatışmazlıqlardan da danışıb. Vurğulayıb ki, ictimai şuralarla bağlı qərar çoxdan qəbul olunsa da bu istiqamətdə fəaliyyət son illərdə aktivləşib. Buna görə də təcrübə azdı, zaman keçdikcə daha aktiv ictimai şuralar formalaşacaq.

Tədbir iştirakçıları olan ictiai fəallar Nərmin Zeynalova, Elşən Quliyev, Pərvanə Səfərova ictimai sektor nümayəndələri qarşısında rayonun bir sıra sosial problemlərini qaldırıblar.

Sonda layihə rəhbəri Samir Umudov tədbirin keçrilməsinə dəstək verən Siyəzən Rayon İcra Hakimyətinin başçısı Novruz Novruzova və təşkilatçılıq işlərində iştirak edən Aqil Abdulova təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com