Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalan “Vətən Müharibəsi Qəhrəmanı” Veysəl Musibovun, tibb xidməti leytenantı Turqut Xəlilbəylinin, əsgər Nurlan Ağakişiyevin, Cəbrayıl Dövlətzadənin, Rahid Sadıxovun anım günləri qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımızı ehtiramla anaraq ruhlarına dualar oxunub.
Abşeron Rayon İcra Hakimiyyəti başçısı ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərildiyini, onların xatirəsinin əbədiləşdirilməsi, xatirələrinin daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini vurğulayıb.
RİH-nin başçısı daha sonra şəhidlərimizin əvvəllər yaşadığı evlərinə gedərək ailələri ilə görüşüb, qayğıları ilə maraqlanıb. O cümlədən, Masazır kəndində tibb xidməti leytenantı şəhid Xəlilbəyli Turqut Nadir oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa olunan abidə-bulaq kompleksini ziyarət edib, məktəblilər vətənə, qələbəyə və şəhidlərimizə aid şeirlər səsləndiriblər.
Eyni zamanda Abşeron RİH-nin məsul əməkdaşları tərəfindən “Vətən Müharibəsi Qəhrəman”ları Elburus Bayramovun, Rəşad Abdullayevin, Valeh Bədəlovun və Şahin Allahyarovun, o cümlədən şəhidlərimiz Oruc Vəliyevin, Ülvi Rəhimlinin, Xalid Mecdinovun, İsmayıl Kərimovun, İlqar Bürcəliyevin ailələri ziyarət edilib.
Bildirilib ki, müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Abşeron rayonunda da daim yüksək həssaslıqla yanaşılır. Onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini yüksək qiymətləndirdiklərini, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.